Ekvadorda həbsxanadan qaçış cəhdi zamanı 43 məhbus ölüb
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Ekvadorda həbsxanadan qaçış cəhdi zamanı baş verən iğtişaşlar nəticəsində ən azı 43 məhbus ölüb, 13 nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ekvadorun Baş prokurorluğu məlumat yayıb.
Hadisə ölkənin Piçinça əyalətində yerləşən həbsxanalardan birində baş verib. Toqquşmalardan sonra polis qüvvələri penitensiar müəssisə üzərində nəzarəti gücləndirib. Hüquq-mühafizə orqanları məhbuslar tərəfindən istifadə olunan silahları müsadirə etmək üçün həbsxanada axtarışlar aparacaq.
Ekvadorun penitensiar sistemində narkotik vasitələrin ticarəti ilə bağlı cinayətkar dəstələr arasında baş verən mütəmadi toqquşmalar səbəbindən gərgin vəziyyət hökm sürür. Ötən il həbsxanalarda azı 331 məhbusun ölümü ilə nəticələnən bir neçə iğtişaş baş vermişdi.

Xəbərin mətnində orfoqrafik səhv var