İDMAN
Eldar İsmayılov: Azərbaycanın Avropa İdman Mətbuatı İttifaqının rəhbərliyində təmsil olunması əlamətdar hadisədir
Roma, 4 oktyabr, AZƏRTAC
Ölkəmizin Avropa İdman Mətbuatı İttifaqının rəhbərliyində təmsil olunması Azərbaycan mediası üçün çox əlamətdar hadisədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov deyib.
“Bu gün Azərbaycan mediasının, eləcə də AİJA-nın həyatında çox əlamətdar gündür. İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü Ümumdünya Konqresi işə başlayıb. Konqres çərçivəsində həm də qitə təşkilatlarının Baş Assambleyası keçirilir. AIPS-in Avropa İdman Mətbuatı İttifaqının Baş Assambleyası başa çatdı və seçkilər keçirildi. Hər 4 ildən bir ittifaqın rəhbərliyinə, yəni icraiyyə komitəsinə seçkilər keçirilir, 12 yer uğrunda mübarizə gedir. Bugünkü tədbirdə Avropadan 39 ölkə iştirak edirdi və həmin ölkələrin yalnız bir səs vermək hüququ var idi. Gizli keçirilən seçkilərdə Azərbaycan nümayəndəsi - AİJA-nın birinci vitse-prezidenti, həm də təsisçilərindən biri olan Nərgiz Mahmudzadə 39 ölkə seçiciləri arasında 31 səs toplayaraq təşkilatın icraiyyə komitəsinə üzv seçildi. Bu, bizim üçün, Azərbaycan mediası üçün böyük fəxrdir. Azərbaycanın bu ölkələrin sırasında artıq üçüncü dəfə yer alması, təşkilatın rəhbərliyində təmsil olunması çox əlamətdar hadisədir”, - deyə E.İsmayılov vurğulayıb.
“Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Ümumdünya Konqresi hər il bir ölkədə keçirilir. 2014-cü ildə Azərbaycan bu beynəlxalq jurnalist təşkilatının konqresinə ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyev konqresin iştirakçıları şərəfinə verilən ziyafətdə iştirak etmiş, çox gözəl və parlaq nitq söyləmişdi. Bakıdakı tədbirdə iştirak edən nümayəndələr hər dəfə, indi də deyirlər ki, Prezident İlham Əliyevin ingilis dilində belə sərbəst və əhatəli çıxışı bu gün də bizim yaddaşımızdan çıxmır”, - deyə o əlavə edib.
AİJA-nın prezidenti bildirib ki, 2024-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılmasının 100 illiyi qeyd olunacaq. Bu qurum beynəlxalq jurnalist təşkilatlarının ən yaşlısıdır.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma