İQTİSADİYYAT
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb
Bakı, 17 iyul, AZƏRTAC
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, EKTİS-də 149 hüquqi şəxsin qeydiyyatdan keçəcəyi gözlənilir. Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi 1 ay ərzində yekunlaşacaq.
İyulun 17-dək 313 min 377 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Ümumilikdə, 313 min 792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb.
Bundan başqa, 228 min 366 fermer elektron sistemdə Dövlət Aktı - şəhadətnamə, 63 min 914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7279 fermer icarə sənədi, 3278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər. Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.
Bu günədək EKTİS-də ən çox Sabirabad (15744), Xaçmaz (12569), Cəlilabad (11385) Bərdə (11187), Şəki (10447), İmişli (10306) və Saatlı (10217) fermerləri qeydiyyatdan keçiblər.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fiziki və hüquqi şəxslərin qeydiyyatının optimal müddətdə başa çatdırılması planlaşdırılır.