ELM VƏ TƏHSİL
Elektron dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli işlənilib
Bakı, 10 iyul, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda ilin birinci yarısında elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin və internetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları, eləcə də sosial medianın formalaşmasının multidistiplinar problemləri istiqamətində araşdırmalar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun baş mütəxəssisi Rasim Mahmudov hesabat məruzəsində məlumat verib. Məruzəçi fərdi məlumatlar və onların milli mentalitetdə rolunun, həmçinin informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin digər komponentləri ilə qarşılıqlı əlaqələrinin araşdırıldığını və təkliflərin işlənildiyini, “Big data” ekosisteminin formalaşdırılması məsələlərinin tədqiq olunduğunu söyləyib.
Rasim Mahmudov şöbədə elektron xidmətlərin intellektual analizi, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənilməsi, internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi üzrə görülən işləri təqdim edib, nəşr olunmuş məqalələr barədə məlumat verib.