RƏSMİ SƏNƏDLƏR


“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 13 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elektron su təsərrüfatı” informasiya sisteminin (bundan sonra – ESTİS) formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. ESTİS Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılmasını, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsinə, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsini, eləcə də su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, uçotun və idarəetmənin təkmilləşdirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.

1.3. ESTİS-də yaradılan, əldə edilən və toplanılan informasiya Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. ESTİS-in formalaşdırılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. dövlət orqanlarından (qurumlarından) ESTİS-dən məlumat almağa, habelə digər formada istifadəyə görə ödəniş tələb olunmur.

2. Əsas anlayışlar

2.1. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS-dən informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.2. iştirakçı – ESTİS-in informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları);

2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə ESTİS-in fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs;

2.1.5. elektron kabinet – istifadəçilərin (fiziki və hüquqi şəxslər istisna olmaqla) bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, ESTİS-ə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Su Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

3. ESTİS-in fəaliyyətinin prinsipləri

3.1. ESTİS, Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

3.1.1. istifadə rahatlığı – ESTİS-dən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. fasiləsizlik – ESTİS-də aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.3. funksionallıq və davamlı inkişaf – ESTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə ESTİS-in daim təkmilləşdirilməsi;

3.1.4. operativlik – ESTİS-də məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin surətli şəkildə həyata keçirilməsi;

3.1.5. sərbəstlik – ESTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

3.1.6. şəffaflıq – ESTİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4. ESTİS-in strukturu

4.1. ESTİS-in strukturu aşağıdakı modullardan ibarətdir:

4.1.1. “əməliyyatlar” modulu;

4.1.2. “istifadəçilər” modulu;

4.1.3. “məlumatlar” modulu;

4.1.4. “hesabatlar” modulu.

4.2. ESTİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

4.2.1. “əməliyyatlar” modulu vasitəsilə elektron su təsərrüfatı göstəricilərinə uyğun parametr üzrə tapşırıq yaradılması, tapşırıqla bağlı tələb olunan məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi;

4.2.2. “istifadəçilər” modulu vasitəsilə sistemdə istifadəçi hesablarının yaradılması, istifadəçi hesablarının dövlət orqanları (qurumlar) ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;

4.2.3. “məlumatlar” modulu vasitəsilə su obyektlərinə dair parametrlər üzrə tapşırıqların və balans göstəriciləri ilə bağlı məlumatların idarə edilməsi;

4.2.4. “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

5. ESTİS-in texniki-texnoloji infrastrukturu

5.1. ESTİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

5.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

5.1.2. telekommunikasiya kanalları;

5.1.3. əsas və ehtiyat mərkəzlər;

5.1.4. informasiya ehtiyatı və onun idarəetmə paneli;

5.1.5. ESTİS-in test mühiti.

5.2. Proqram-texniki vasitələr və proqram təminatı ESTİS-in bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin ESTİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.

5.3. ESTİS-in öz fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətləri vardır.

5.4. Ehtiyat mərkəz ESTİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə ESTİS-də formalaşdırılan, ESTİS-ə daxil edilən və ESTİS-dən ötürülən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.

5.5. ESTİS-də formalaşdırılan, ESTİS-ə daxil edilən və ESTİS-dən ötürülən məlumatlar ESTİS-in informasiya ehtiyatında saxlanılır.

5.6. ESTİS-in idarəetmə paneli informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

5.7. ESTİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

5.8. ESTİS sahibin və operatorun, habelə müvafiq dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.

5.9. ESTİS-in modulları ESTİS-in texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Əsasnamənin 3-cü hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

6. ESTİS-ə informasiya sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili

6.1. ESTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə ESTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:

6.1.1. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair məlumatlar;

6.1.2. ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi barədə məlumatlar;

6.1.3. subartezian və artezian quyularının istismarı barədə məlumatlar;

6.1.4. su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar.

6.2. Dövlət orqanları (qurumları) su ehtiyatları ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) hər gün müəyyən edilmiş müddət ərzində elektron formatda ESTİS-ə inteqrasiya pəncərəsi vasitəsilə daxil edirlər.

6.3. Dövlət orqanları (qurumları) informasiya sistemlərinə və ehtiyatlarına malik olduqda, həmin informasiya sistemləri və ehtiyatları EHİS vasitəsilə ESTİS-ə inteqrasiya olunduqdan sonra su ehtiyatları ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) real vaxt rejimində ESTİS-ə ötürürlər.

6.4. ESTİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. ESTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların (sənədlərin) ESTİS-ə daxil edilməsi bu Əsasnamənin 6.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Sahibin funksiyaları

7.1. ESTİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:

7.1.1. ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.1.2. ESTİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

7.1.3. ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.4. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları ESTİS-ə daxil etmək;

7.1.5. ESTİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

7.1.6. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

7.1.7. ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.1.8. ESTİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

7.1.9. ESTİS-də dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər verir və onların həyata keçirilməsinə nəzarət etmək;

7.1.10. ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra – Dövlət Agentliyi) təqdim etmək;

7.1.11. ESTİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması üçün Dövlət Agentliyinə zəruri şərait yaratmaq;

7.1.12. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

8. Operatorun funksiyaları

8.1. Operatorun funksiyaları aşağıdakılardır:

8.1.1. ESTİS-in idarə olunmasını təşkil etmək və ESTİS-in funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

8.1.2. ESTİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.1.3. ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.4. ESTİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

8.1.5. ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;

8.1.6. ESTİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

8.1.7. sahibin təklifləri əsasında ESTİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;

8.1.8. sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

8.1.9. ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

8.1.10. ESTİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdikdə, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə ESTİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

8.1.11. bu Əsasnamənin 8.1.10-cu yarımbəndində qeyd edilən hallar barədə sahibi məlumatlandırmaq;

8.1.12. ESTİS-dən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

8.1.13. ESTİS-in parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

8.1.14. ESTİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.1.15. ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

8.1.16. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

9. İştirakçıların funksiyaları

9.1. İştirakçıların aşağıdakı funksiyaları vardır:

9.1.1. ESTİS-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2. ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.1.3. ESTİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

9.1.4. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə ESTİS-ə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.1.5. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.1.6. ESTİS-dən və sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.1.7. ESTİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;

9.1.8. sahibin sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;

9.1.9. sahibin ESTİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;

9.1.10. ESTİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.1.11. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək;

9.1.12. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

10. ESTİS-dən istifadə

10.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 5-ci hissəsinə uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi sistemdə yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) möhür hüquqlu rəhbər şəxsi tərəfindən ESTİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetə daxil olaraq, sistemdən istifadə edirlər.

10.3. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə ESTİS-də olan açıq məlumatlarla, o cümlədən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə məlumatlarla tanış ola bilərlər.

10.4. Sahib istifadəçinin ESTİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:

10.4.1. ESTİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

10.4.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin