Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda 96 idmançı iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nəticələrə əsasən oğlanlar arasında Ayaz Əliyev (42 kiloqram), Pərvin İsmayılov (46 kiloqram), Davud Məmmədzadə (50 kiloqram), Kamil Məmmədov (55 kiloqram), Yusif Əsədli (60 kiloqram), Nihad Qəribov (66 kiloqram), İsmayıl Şükürlü (73 kiloqram), Ramin İbrahimli (81 kiloqram) və Murad Xasıyev (+81 kiloqram), mütləq çəkidə isə Cəfərli Elvin birinci yeri tutub.
Qızlar arasında Aylin Əlizadə (28 kiloqram), Zəhra Allahverdiyeva (32 kiloqram), Ləman Bağırova (40 kiloqram), Nuray Kərimova (52 kiloqram) və Yasəmən Əliyeva (57 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Birinciliyin keçirilməsində məqsəd regionda cüdo idman növünün inkişafına dəstək olmaq, istedadlı idmançıları üzə çıxarmaq və onların yarış təcrübəsini artırmaqdır.
Müxbir - Nail Əsgərov