“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisində xüsusi stendlə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, stenddə Cəmiyyətin 10 illik inkişaf yolu, əldə etdiyi əsas nailiyyətlər, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri təqdim edilib. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işləri, ərazilərin mineral-xammal potensialının öyrənilməsi və hasilat zonalarında həyata keçirilən sosial layihələr barədə məlumat verilib.
Sərgi çərçivəsində ziyarətçilərə ilk dəfə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) virtual səyahət imkanı yaradılıb. İştirakçılar mədən işlərindən qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar. İstehsal prosesinin yekununda əldə olunan sənaye məhsulu – qızıl-gümüş xəlitəsi də stenddə əyani şəkildə nümayiş etdirilib.
Stenddə, həmçinin “AzerGold” QSC-nin satış portfelinə daxil olan qızıl və gümüş məhsulları, eləcə də Azərbaycanın tarixi və mədəni irsini əks etdirən sikkə kolleksiyaları sərgilənib. Nümayiş olunan nümunələr arasında Qarabağ kolleksiyasının yeni məhsulu – Kəlbəcərin tarixi və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələr xüsusi yer tutub. Həmin kolleksiya sərgi çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim olunub.
Bununla yanaşı, rəqəmsal və audiovizual materiallar, interaktiv təqdimatlar, broşür və kataloqlar vasitəsilə ziyarətçilərə Cəmiyyətin istehsal fəaliyyəti, strateji layihələri və məhsulları barədə ətraflı məlumat çatdırılıb.
Təqdimatlar “AzerGold” QSC-nin ölkənin dağ-mədən sənayesinin inkişafındakı rolunu, eləcə də mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti əks etdirib.