Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
Balakən, 16 oktyabr, AZƏRTAC
Balakəndə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə "Müstəqil Azərbaycanın uğur salnaməsi" mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, idarə və təşkilatların, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi dəyirmi masada bu il Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ilə xalqımız XX əsrdə öz müstəqilliyini bərpa edib. Müstəqilliyin ilk illərində qarşılaşdığımız çətinliklər və siyasi böhran yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxıb, dövlətçiliyimizin sarsılmaz təməlləri qoyulub.
Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və suverenliyimizin tam bərpa edilməsi müstəqillik tariximizin ən parlaq səhifəsidir.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlardan, sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışılıb.
Müxbir - Rasim İslamoğlu