Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir
Yardımlı, 16 oktyabr, AZƏRTAC
Dövlətçilik strategiyasının ardıcıl davam etdirilməsi, ölkədə təmin olunmuş sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yardımlı rayonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə səsləndirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin həm partiya quruculuğu, həm də ölkənin ümumi inkişafı baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının nitqində müəyyənləşdirilən istiqamətlər qarşıdakı dövrdə fəaliyyətin əsas prioritetlərini ortaya qoyur.
Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Onun sözlərinə görə, ölkədə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
A.Xamiyev vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi, dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə birgə fəaliyyətin vacibliyini diqqətə çatdıran icra başçısı hər bir məsul şəxsin üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının zəruriliyini də qeyd edib.
Müşavirədə çıxış edənlər Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsində partiya təşkilatlarının rolu barədə fikirlərini bölüşüblər. Çıxışlarda yerli səviyyədə aparılan işlərin daha səmərəli təşkili, əhali ilə sıx əlaqənin saxlanılması və ictimai fəallığın artırılması məsələlərinə də toxunulub.
Tədbirdə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması, dövlət qurumları ilə YAP strukturları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıda duran məsələlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Müxbir- İlkin Adıyev