Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin bəzi Qərb institutlarını kəskin tənqid etməsi onların fəaliyyətinə açıq və prinsipial qiymət verilməsi ilə məhdudlaşmırdı. Çıxışda Azərbaycanın nə üçün Qlobal Cənuba üstünlük verdiyi diqqətə çatdırılmaqla yanaşı, ciddi xəbərdarlıq da səsləndirilirdi. İlk növbədə, anaxronizm və atavizm kimi anlayışlarla səciyyələndirilən qurumlara xəbərdarlıq edilirdi ki, mövcud yanaşmalarını davam etdirəcəkləri təqdirdə, onlarla əlaqələr tamamilə dayandırıla bilər. Söhbət Avropa Parlamenti və Avropa Şurasından gedir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Onun sözlərinə görə, ATƏT-in tənqid olunması həm də onunla bağlı idi ki, Azərbaycan Prezidenti AQEM-in də gələcəkdə hər hansı bir qüvvənin təsiri altına düşməsini, beynəlxalq hüquq və ədalət prinsipləri əvəzinə ikili standartlardan çıxış etməsini istəmir və bunu yolverilməz hesab edir. İstisna edilmir ki, vaxtilə ATƏM-in ATƏT-ə çevrildiyi kimi, müəyyən müddətdən sonra AQEM də AQET-ə çevrilsin, yəni qurumun adındakı “Müşavirə” sözü “Təşkilat” sözü ilə əvəzlənsin. Hər bir halda, Azərbaycanın sədrliyi ilə yeni Nizamnamənin hazırlanması, Katibliyin gücləndirilməsi və institusional inkişaf prosesi məhz bu məqsədə xidmət edir. Qoşulmama Hərəkatında olduğu kimi, AQEM-də də Azərbaycanın sədrliyinin daha iki il uzadılması ölkəmizin uğurlu fəaliyyətinin nəticəsidir.
“Bəzi dairələr strateji baxışlarının olmaması və ya məhdudluğu səbəbindən bunu görməsələr də, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Azərbaycanın nə qədər müstəqil və suveren siyasət yürütməsi Türkiyənin də maraqlarına bir o qədər xidmət edir. Çünki söhbət bir millətin iki dövlətindən gedir. Unudulmamalıdır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini şərtləndirən ən mühüm amillərdən biri məhz müstəmləkəçi diktələrə boyun əymədən müstəqil siyasət yürütməsi və suverenliyini hər şeydən üstün tutması olub”, - deyə deputat vurğulayıb.