Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub
Bakı,16 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi bucağından (1918-2023)” mövzusunda mühazirə oxunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü aparıcı alimlərin gənc tədqiqatçılar üçün təşkil etdikləri mühazirələrin onların nəzəri biliklərinin zənginləşdirilməsi və elmi-tədqiqat metodologiyasına yiyələnmələri baxımından əhəmiyyətini vurğulayıb. O, mühazirənin gənc alimlərin peşəkar təcrübəsinin artırılmasına və müasir Azərbaycan dövlətçiliyi tarixinin dərindən öyrənilməsinə töhfə verəcəyini bildirib.
Tarix elmləri doktoru, professor Professor Solmaz Rüstəmova-Tohidi mühazirəsində müasir Azərbaycan dövlətçiliyinin tarixi mərhələlərini təsnif edərək, hər bir dövrdə Qarabağ ətrafında baş verən proseslərin inkişaf xüsusiyyətlərindən bəhs edib. O, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası dövrlərində dövlətin münaqişəni idarə etmək və həll etmək imkanlarını müəyyənləşdirən amilləri təhlil edib. Tarixçi-alim dövlət, lider, ordu, xalq, millət və güzəşt amillərinin münaqişənin müxtəlif mərhələlərində fərqli rol oynadığını, onların nisbi gücü və zəifliyinin ayrı-ayrı nəticələrə səbəb olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-2023-cü illərdə bu amillərin uzlaşması Azərbaycanın strateji məqsədlərinə nail olmasına şərait yaradıb.
Professor qeyd edib ki, son hadisələr nəticəsində Azərbaycan dövləti Qarabağın bütün ərazisi üzərində faktiki suveren nəzarətini tam bərpa edib. Qarabağ məsələsinin təxminən ikiəsrlik tarixinin bu problemin yalnız hərbi, diplomatik və ya hüquqi mübahisə ilə məhdudlaşmadığını göstərdiyini vurğulayan alim onun müxtəlif tarixi dövrlərdə Azərbaycan dövlətçiliyinin möhkəmliyinin, milli iradənin davamlılığının və tarixi qərarvermə qabiliyyətinin sınağı olduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqil Azərbaycan Respublikası dövrlərində Qarabağ məsələsinin taleyinə təsir göstərən altı əsas amilin eyni tarixi mərhələdə uzlaşması məsələnin Azərbaycan dövlətçiliyi baxımından həllinə və ölkənin tarixində yeni mərhələyə keçidinə imkan yaradıb.
Sonda professor iştirakçıların suallarını cavablandırıb.