Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır
Moskva, 16 oktyabr, AZƏRTAC
Mövcud boru kəməri infrastrukturundan tam istifadə Cənubi Qafqaz ölkələrinə və qonşu dövlətlərə enerji təchizatı təhlükəsizliyini gücləndirmək və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən “3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masa müzakirəsində bildirib.
O qeyd edib: “Rusiya, İran və Azərbaycanın əhəmiyyətli enerji ehtiyatları var. Türkiyənin isə inkişaf etmiş energetika infrastrukturu və əhəmiyyətli tranzit potensialı mövcuddur”.
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, Cənubi Qafqaz dövlətləri etibarlı enerji təchizatı, tədarükün şaxələndirilməsi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Mövcud qaz və neft boru kəmərlərindən tam istifadə bu prosesdə əsas rol oynayır. Çoxsaylı nəqliyyat marşrutunun olması, xüsusilə də açıq dənizə birbaşa çıxışı olmayan enerji istehsal edən ölkələr, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün vacibdir.
“Bu səbəbdən boru kəməri sistemlərindən istifadənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil”, - deyə Elşad Nəsirov vurğulayıb.
O, müxtəlif ölkələrin şirkətlərinin maraqlarını birləşdirən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsini regional əməkdaşlığın nümunəsi adlandırıb. “Bu layihə enerji maraqlarının bir-biri ilə əlaqəli olduğunu açıq şəkildə nümayiş etdirir”, - deyə SOCAR-ın vitse-prezidenti bildirib.
E. Nəsirov vurğulayıb ki, Azərbaycanın Türkiyə və Gürcüstanla əməkdaşlığı təkcə enerji təchizatı ilə məhdudlaşmır. SOCAR Türkiyə iqtisadiyyatına, o cümlədən “Petkim” neft-kimya kompleksinə və STAR neft emalı zavoduna böyük investisiyalar qoyur. Şirkət Gürcüstanda qaz təchizatı və paylanmasından tutmuş yanacaqdoldurma məntəqələri şəbəkəsinin fəaliyyətinə qədər enerji təchizatı zəncirinin müxtəlif aspektlərində iştirak edir.
SOCAR-ın vitse-prezidenti, həmçinin İranla svop əməkdaşlığı barədə danışıb. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan həmin ölkəyə, İran isə Naxçıvan Muxtar Respublikasına qaz tədarük edir.
E. Nəsirov Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün enerji əməkdaşlığının əhəmiyyətini də qeyd edib.
“Ötən ilin dekabr ayında biz ilk dəfə olaraq Ermənistana benzin və dizel yanacağı tədarük etməyə başladıq”, - deyən SOCAR-ın vitse-prezidenti bunu enerji sektorunda praktik əməkdaşlığın regionda sülhün möhkəmləndirilməsinə töhfə verməsinin vacib nümunəsi adlandırıb.