Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı texnikaları və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümünün istismar rejiminə keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mövsümi istismar rejiminə keçidlə əlaqədar FHN-in Mülki müdafiə alayında və Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində xüsusi təyinatlı texnika və avadanlıqların saz vəziyyətdə saxlanılması, təlimatlara uyğun istismarı və mövsümə uyğun texniki xidmətin göstərilməsi ilə bağlı məşğələlər keçirilib, şəxsi heyətin bilik və bacarıqları təkmilləşdirilib.
Məşğələlər zamanı hissə və mexanizmlərin dəyişdirilməsi qaydaları praktiki olaraq nümayiş etdirilib. Həmçinin mövsümi istismar rejiminə keçidin müəyyən edilmiş müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı komandir-rəis heyətinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qurumlarda xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinə, digər mühəndis texnikalarına, mühəndis və xilasetmə avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, səhra mətbəxlərinə, eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə planlı texniki xidmət göstərilməsinə başlanılıb.
Kompleks tədbirlər çərçivəsində xüsusi təyinatlı avtomobil texnikalarının yanacaq-sürtkü materialları və filtrləri mövsümi tələblərə uyğun olaraq dəyişdirilir, hərəkət hissələri yağlanır, mühərrik yağları yenilənir, elektrik və hidravlik sistemlər, eləcə də hissə və mexanizmlər planlı şəkildə yoxlanılır.
Qeyd edək ki, xüsusi təyinatlı texnika və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümündə istismarına hazırlıq tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi bölmələrin günün istənilən vaxtında operativ fəaliyyətə hazır vəziyyətdə saxlanılmasına və şəxsi heyətin fasiləsiz fəaliyyətinin təmin edilməsinə şərait yaradacaq.
Müxbir - Nail Əsgərov