Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır
Bakı, 16 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Bakı Zirvə görüşündəki çıxışı Ermənistan-Azərbaycan münaqişəsinin tarixi-siyasi nəticələrini, müharibə cinayətlərinə görə məsuliyyət məsələsini və beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartları yenidən beynəlxalq gündəmə gətirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının mesajlarının əsas mahiyyəti ondan ibarətdir ki, sülhün təmin olunması təkcə siyasi bəyanatlarla deyil, hüquqi məsuliyyətin qaçılmazlığı və beynəlxalq qərarların icrası ilə mümkündür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.
O qeyd edib ki, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın siyasi irsinin, eləcə də onların hakimiyyəti dövründə həyata keçirilmiş siyasətin gündəmə gətirilməsi münaqişənin yalnız hərbi qarşıdurma deyil, həm də uzunmüddətli siyasi qərarların nəticəsi olduğunu göstərir.
“Prezident İlham Əliyevin 2018-ci ildən sonrakı Ermənistan rəhbərliyinin də əvvəlki siyasətin davam etdirilməsində məsuliyyət daşıdığına dair mövqeyi bu kontekstdə xüsusi diqqət çəkir. Çıxışda, xüsusilə, bir dövr işğal altında olan ərazilərlə bağlı sərt bəyanatların və hərbi ritorikanın sülh imkanlarının zəifləməsinə təsir göstərən amillər kimi təqdim olunması Ermənistan rəhbərliyinin həmin dövrdəki siyasətinin qiymətləndirilməsi və Nikol Paşinyanın sələflərinin siyasi xəttini davam etdirdiyinin vurğulanması baxımından əhəmiyyətlidir. Bakıda separatçı qurumun keçmiş rəhbərləri və digər şəxslər barəsində keçirilən məhkəmə proseslərinin Nürnberq tribunalı ilə müqayisəsi də mühüm siyasi mesaj daşıyır. Bu müqayisə müharibə cinayətlərinin cəzasız qalmamalı olduğunu, siyasi və hərbi vəzifə tutmuş şəxslərin də hüquq qarşısında məsuliyyət daşıdığını vurğulayır. Prezidentin bu bəyanatını məsuliyyət və cəzasızlığa qarşı mübarizə ideyasının siyasi ifadəsi kimi qiymətləndirmək olar”, - deyə ekspert qeyd edib.
R.Bayramovun sözlərinə görə, çıxışın ən geniş beynəlxalq əhəmiyyət daşıyan hissəsi BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası məsələsidir. Azərbaycanın ərazilərinin işğalı dövründə qəbul edilmiş dörd qətnamənin uzun müddət icrasız qalması beynəlxalq sistemin əsas ziddiyyətlərindən birini üzə çıxarıb. Bu, hüquqi qərarların mövcudluğunun onların mütləq şəkildə həyata keçirilməsinə təminat vermədiyini göstərir. Böyük dövlətlərin geosiyasi maraqları, veto mexanizmi və beynəlxalq qurumların siyasi iradədən asılılığı isə bu problemin dərinləşməsinə səbəb olur. Münaqişələrin qarşısının alınması üçün qərarların icrasına nəzarət, pozuntulara görə ardıcıl və ölçülü sanksiyaların tətbiqi, müstəqil monitorinq və erkən xəbərdarlıq mexanizmləri gücləndirilməlidir. Eyni zamanda, beynəlxalq təşkilatlar bütün dövlətlərə eyni hüquqi meyarlarla yanaşmalıdırlar. Əks halda, selektiv münasibət həmin təşkilatların nüfuzunu və ədalət prinsipinə inamı zəiflədəcək.
“Davamlı sülh yalnız hərbi üstünlüklə və ya diplomatik razılaşmalarla məhdudlaşmır. Sülhün dayanıqlılığı hüququn hamı üçün bərabər tətbiqindən, cinayətlərin araşdırılmasından və beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır. Beynəlxalq qərarların icrası real təminat altına alınmadıqca yeni münaqişələrin yaranması riski qalacaq”, - deyə Rəşad Bayramov əlavə edib.