Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb
Mingəçevir, 16 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, MDU QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd əsas istiqamət üzrə ən yüksək nəticəyə - 5 ulduza layiq görülüb. QS Stars beynəlxalq qiymətləndirmə sistemi dünyanın nüfuzlu ali təhsil analitika şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən hazırlanıb. Bu sistem çərçivəsində ali təhsil müəssisələri tədris keyfiyyəti, beynəlxalq fəaliyyət, işəgötürənlər arasında nüfuz, idarəetmə sistemi, infrastruktur və dayanıqlı inkişaf göstəriciləri kimi müxtəlif meyarlar əsasında qiymətləndirilir. Universitetin beynəlxalq qiymətləndirmədə əldə etdiyi bu nailiyyət tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, inklüziv akademik mühitin inkişafı və məzunların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin göstəricisidir. MDU tədris (teaching), müxtəliflik, bərabərlik və inklüzivlik (diversity, equity & inclusion), yaxşı idarəetmə (good governance), məşğulluq (employability) kimi istiqamətlər üzrə 5 ulduza layiq görülüb.
Universitetdə tədrisin keyfiyyəti, tələbəyönümlü akademik mühitin formalaşdırılması, professor-müəllim heyətinin peşəkarlığı, təhsil prosesinin davamlı təkmilləşdirilməsi, müxtəlifliyə hörmət, sosial inklüzivliyin təşviqi və əlçatan akademik mühitin təmin edilməsi istiqamətində fəaliyyət, şəffaflıq, hesabatlılıq, strateji planlaşdırma, institusional inkişaf, məzunların əmək bazarına inteqrasiyası, karyera inkişafı imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət yüksək qiymətləndirilib.
MDU QS Stars beynəlxalq qiymətləndirməsində ilk iştirakında ümumilikdə 4 ulduz nəticəsi əldə etmişdi. QS Stars beynəlxalq qiymətləndirməsində əldə edilən nəticələr universitetin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi və gələcəkdə daha yüksək göstəricilərə nail olunması istiqamətində yeni imkanlar yaradır.
Müxbir – Vüsalə Cənnətova