Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır
Şəki, 16 oktyabr, AZƏRTAC
Şəki Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə süni intellektdən düzgün, təhlükəsiz və şüurlu istifadə bacarıqları aşılanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, süni intellekt və ondan düzgün istifadə qaydaları dünyanın əksər elm və təhsil mərkəzlərində tətbiq olunur. Əlbəttə ki, peşə təhsili sahəsində təhsil alanlar da günümüzün reallıqları ilə ayaqlaşmağı bacarmalı və yenilikləri bilməlidir.
Elə bu məqsədlə Şəki Dövlət Peşə Təhsil Mərkəzində “AI Awareness Days” (Süni İntellekt Maarifləndirmə Günləri-red) çərçivəsində tələbə və gənclərin süni intellekt haqqında məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə mərkəzin direktoru Şahin Şirinzadə çıxış edərək süni intellektin müasir dövrdə əhəmiyyəti, onun təhsil və gündəlik həyatda tətbiqi, eləcə də texnologiyadan məsuliyyətli və etik istifadənin vacibliyi barədə fikirlərini bölüşüb.
Maarifləndirici tədbirlər mərkəzin digər tədris korpuslarında da keçirilib. Tələbələrə süni intellektin imkanları, fərdi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik məsələləri haqqında məlumat verilib.
Müxbir - Rasim İslamoğlu