Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq
Bakı, 15 oktyabr, AZƏRTAC
Təsəvvür edin, teatra elə bir tamaşaya gəlirsiniz ki, onu sadəcə izləmirsiniz, sanki özünüz də hadisələrin iştirakçısına çevrilirsiniz. Siz prosesin, mühitin, müəyyən mənada isə dekorasiyanın bir hissəsisiniz… Sizə teatr məkanında hərəkət etmək, baş verən bu və ya digər hadisəyə reaksiya vermək, müəyyən hərəkətlər etmək təklif olunur… Aktyor sizə sual verə və ya müraciət edə, dostcasına çiyninizə vura, sizinlə rəqs edə, sizə çay təklif edə, hətta üzərinizə nəsə ata bilər (əlbəttə, heç kimin xəsarət almaması şərtilə).
Maraqlı səslənir, elə deyilmi? Belə tamaşalar Bakıda getdikcə daha çox populyarlıq qazanır. İmmersiv format tamaşaçıların marağına səbəb olmaqla yanaşı, aktyorlara, rejissorlara və dramaturqlara özlərini yaradıcı şəkildə ifadə etmək üçün yeni imkanlar yaradır.
AZƏRTAC-ın müxbiri teatr və kino aktrisası Rumiyyə Ağayeva ilə söhbət edib. Aktrisa immersiv tamaşalarda iştirak təcrübəsindən danışır və bu formatın müasir dövrdə nə üçün belə maraq doğurduğunu izah edir.

– Rumiyyə xanım, son vaxtlar Bakıda immersiv tamaşalar getdikcə daha çox populyarlaşır. Sizcə, bunun səbəbi nədir? Bu format tamaşaçılarımıza anlaşıqlıdırmı?
– Təkcə immersiv tamaşalar deyil, müstəqil teatrlar da getdikcə daha çox populyarlaşır və bu, məni çox sevindirir. Çünki gənc aktyorların özlərini sınaya, istedadlarını nümayiş etdirə biləcəkləri məkanlar yaranır. Dövlət teatrlarında isə hər zaman boş yer olmur: ştatlar doludur, işə qəbul şərtləri sərtdir. Halbuki İncəsənət Universiteti hər il çoxlu sayda gənc kadr yetişdirir və onlar çox vaxt işsiz qalırlar… İndi isə özlərini göstərmək üçün belə bir imkanları var. Hətta elə hallar da olub ki, müstəqil teatrlarda tamaşalarda iştirak etdikdən sonra gənc aktyorları dövlət teatrlarında işə götürüblər.
İmmersiv tamaşaların populyarlığına gəlincə, bu format həm rejissorlara, həm də aktyorlara özlərini göstərmək imkanı verir. Tamaşaçılarla bağlı bunu deyə bilərəm ki, onlar bu tamaşalardan böyük zövq alırlar, çünki bu, onlar üçün yenilikdir. Şəxsən mən həmişə səhnədəki obrazların daha real, pafossuz təqdim olunmasının tərəfdarı olmuşam. Müasir aktyor məktəbi artıq bir qədər fərqli yanaşma və təqdimat tərzi tələb edir. Əks halda, tamaşaçı darıxmağa başlayır, onun üçün maraqsız olur.
İndiki tamaşaçılar çox tələbkardırlar: hər şeyin reallığa daha yaxın, dinamik və aydın olmasını istəyirlər. Məncə, immersiv format tamaşaçıya aktyorla sıx ünsiyyət qurmaqdan zövq almaq imkanı verir. 5D dünyasında teatrın bu formatı getdikcə daha da populyarlaşacaq.
Təbii ki, elə əsərlər var ki, onları klassik formatda tamaşaya qoymaq lazımdır. Lakin hazırda immersiv tamaşalar klassik tamaşalarla rəqabət aparır. Ümid edirəm ki, bu sağlam rəqabət bütövlükdə teatr sənətinə müsbət təsir göstərəcək.

– Bəs immersiv tamaşalarda oynayarkən özünüzü necə hiss edirsiniz?
– Özümü çox rahat hiss edirəm. Təxminən 10 il əvvəl Bakıda ADO teatrı fəaliyyət göstərirdi. Mənim də orada xoreoqraf kimi çalışmaq imkanım oldu. Həmin vaxt Moskvadan yenicə qayıtmışdım və tamaşaların quruluşuna kömək etməyə başlamışdım. ADO teatrında məhz immersiv format tətbiq olunurdu. Müstəqil teatrların hamısında olduğu kimi, bu teatr da öz gücümüzlə təchiz etdiyimiz bir mənzildə yerləşirdi.
Bir gün aktrisalardan biri məşqlərə gəlməyi dayandırdı və onu əvəz edəcək adam axtarmağa başladılar. Mən də dedim ki, siz əvəzləyici axtaranadək həmin aktrisanı mən əvəz edərəm. Halbuki heç aktrisa olmaq fikrim yox idi, amma belə alındı (gülür). Xoreoqrafiya məktəbini bitirmişəm, musiqi kliplərinə çəkilmişəm, Nero rəqs qrupunun yaradıcılarından biri olmuşam. Sonralar ADO teatrından ayrılaraq Rus Dram Teatrına keçdim.
İmmersiv format mənə çox yaxındır və burada özümü rahat hiss edirəm. Qorxmuram, tamaşaçının məndən aralı dayanmalı və tamaşanı uzaqdan izləməli olduğu düşüncəsi məndə yoxdur.
Məsələn, hazırda Teatr O2-də rejissor Konstantin Soldatovun “İnişma” immersiv tamaşasında oynayıram. Burada tamaşaçılarla çox yaxın ünsiyyətdə olmalıyam, belə ki, tamaşanın əvvəlində onlara çay süzür, qəhrəmanımın obrazında onlarla söhbət edirəm. Tamaşaçıların çoxu içəri girəndə mənə “Salam, Rumiyyə, necəsən?” deyir. Mən isə cavab verirəm: “Hansı Rumiyyə? Mən Rumiyyə deyiləm! O kimdir?” (gülür).
Ümumiyyətlə, improvizasiyanı çox sevirəm. Tamaşanın başlanğıcı isə improvizasiya üçün geniş imkanlar yaradır. Beləliklə, tamaşaçılarla bir növ stendap alınır. İmprovizasiya zamanı beyin daim fəal işləyir. Bu da mənim çox xoşuma gəlir.

– “İnişma” tamaşasının adını çəkdiniz. Siz bu tamaşanın mətninin uyğunlaşdırılmasında da iştirak etmisiniz. (Pyesin mətninə Azərbaycan dilinə məxsus idiomatik ifadələr əlavə olunub) Bu təcrübə sizdə hansı təəssüratları yaratdı?
– “Uyğunlaşdırma” bir qədər şişirdilmiş ifadədir. Uşaqlar mənim rolumu bir az böyüdüblər, hətta özümü narahat hiss edirəm. Vaxtaşırı replikalara Azərbaycan dilində ifadələr əlavə etməyə kömək edirdim… Bəzən mənə elə gəlir ki, bu məsələdə bir qədər ifrata da varmışam (gülür). Buna görə hələ də mətni tamaşaçıya adaptasiya etməyə davam edirəm. Əlbəttə, istənilən yaradıcılıq prosesi və yaradıcı təcrübə mənim üçün maraqlıdır.
Teatr O2 komandasını ayrıca qeyd etmək istəyirəm. Bu, möhtəşəm komandadır. Onlarla tanış olduğum üçün çox xoşbəxtəm. Xüsusilə rejissor Konstantin Soldatov və aktrisa İrina Yakubenko öz işlərinin böyük peşəkarları, eyni zamanda çox gözəl insanlardır. Onlardan çox şey öyrənirəm.
Komandamızda aktyorluq təcrübəsi olmayan gənclər də var. Buna baxmayaraq, onlarla işləmək mənə çox rahatdır. Onlar da mənim kimi açıqürəklidirlər. Hamımız bir-birimizə nədəsə kömək edə, bir-birimizdən nəsə öyrənə bilərik. Komandadakı bütün gənclər çox istedadlıdırlar. Ümid edirəm ki, bu, birgə həyata keçirdiyimiz son layihə olmayacaq.
Konstantin Soldatovla əvvəllər də işləmişəm. Hazırda onun Rus Dram Teatrında daha bir tamaşası nümayiş olunur. Yeri gəlmişkən, bu da immersiv tamaşadır: “Neft, tamah və milyonlar səltənətində”. Çox maraqlı səhnə əsəridir.
Onun “Bizim Maqsud müəllim” tamaşasında da iştirak etmişəm. Bu da möhtəşəm layihə və gözəl təcrübə idi.

Müəllif – Anara Axundova