Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” mövzusunda I beynəlxalq simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Qazaxıstan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində simpoziumun elmi əhəmiyyətindən, Türk dünyasında dilçilik elminin inkişaf perspektivlərindən danışıb. O, Prezident İlham Əliyevin Türk dünyasının birliyinin möhkəmləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xəttə uyğun olaraq, bu sahədə ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Akademik qeyd edib ki, koqnitiv dilçilik bir sıra ölkələrdə geniş tədqiq olunsa da, Türk dünyasında bu sahənin inkişafı və elmi potensialının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Simpozium alimlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə tədqiqatların təşviqi baxımından əhəmiyyətlidir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, koqnitiv dilçilik dilin qrammatik quruluşu ilə yanaşı, onun arxasında dayanan düşüncə modellərinin, anlayışların formalaşma mexanizmlərinin və dil-mədəniyyət əlaqələrinin öyrənilməsinə imkan yaradır. Bu istiqamətdə tədqiqatlar dilçiliklə yanaşı, fəlsəfə, psixologiya, antropologiya və süni intellekt sahələri üçün də əhəmiyyətlidir.
İnstitut direktoru vurğulayıb ki, mərkəz türk xalqlarının ortaq düşüncə irsinin tədqiqinə, müxtəlif türk dilləri və mədəniyyətləri arasında elmi əlaqələrin inkişafına xidmət etməklə yanaşı, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına da töhfə verə bilər.
Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov, koqnitiv və psixolinqvistik yanaşmalar türk dillərində mövcud olan bir sıra məsələlərin daha dərindən öyrənilməsinə, dilin daxili qanunauyğunluqlarının elmi əsaslarla izahına imkan yaradır.
Simpoziumda Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, Türkiyənin Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi, professor Janar İbrayeva, Türkiyənin Ege Universitetinin əməkdaşı, professor İbrahim Şahin və Atatürk Universitetinin professoru Süleyman Efendioğlu da çıxış ediblər.
Çıxışlarda türk dillərinin öyrənilməsi və inkişafı, koqnitiv dilçilik üzrə tədqiqatların genişləndirilməsi, türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsi və ortaq elmi platformaların yaradılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti də dinlənilib. Daha sonra “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradıldığı elan olunub. Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim edilib.
İki gün davam edəcək simpozium bölmə iclasları ilə işini davam etdirib. Tədbir çərçivəsində internet konseptinin metaforik modelləri, Azərbaycan dilində diskurs markerləri, frazeoloji vahidlərin mədəniyyətlə əlaqəsi, türk dillərində koqnitiv freymlərin struktur təhlili və digər mövzularda məruzələr dinləniləcək.