Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Şəhərsalmanın dayanıqlı inkişafa və biomüxtəlifliyə təsiri müasir dövrün mühüm ekoloji məsələlərindəndir. Şəhərlərin böyüməsi təbii landşaftların parçalanmasına, torpaq örtüyünün dəyişməsinə, su rejiminin pozulmasına, çirklənməyə və bioloji müxtəlifliyin azalmasına səbəb ola bilər. Buna görə şəhərsalma layihələrinin elmi və ekoloji prinsiplər əsasında hazırlanması, təbii resursların qorunması və ekosistemlərin davamlılığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Elşad Qurbanov şəhərsalmanın dayanıqlı inkişafa və biomüxtəlifliyə təsirindən danışarkən bildirib.
Professor qeyd edib ki, dayanıqlı inkişaf indiki nəslin ehtiyaclarının gələcək nəsillərin imkanlarını məhdudlaşdırmadan təmin edilməsini nəzərdə tutur. Şəhərsalmanın biomüxtəlifliyə təsirinin əsas mexanizmlərindən biri yaşayış mühitlərinin itirilməsi və parçalanmasıdır. Tikinti sahələri və nəqliyyat yolları təbii bitki örtüyünü ayrı-ayrı sahələrə bölə, bitkilərin toxumlarının yayılmasını, tozlandırıcıların hərəkətini, heyvanların qidalanma, sığınacaq və çoxalma sahələri arasında keçidini çətinləşdirə bilər. Digər mühüm amillər torpaq örtüyünün dəyişməsi, çirklənmə, gecə işıqlandırması, səs-küy, invaziv növlərin yayılması və rekreasiya təzyiqidir. Professor diqqətə çatdırıb ki, Abşeron yarımadasının arid iqlimi, sahil landşaftları, torpaq müxtəlifliyi və özünəməxsus bitki örtüyü şəhərsalma layihələrinin hazırlanmasında mütləq nəzərə alınmalıdır.
Onun sözlərinə görə, Abşeronun su ehtiyatlarının məhdudluğu və quraqlıq şəraiti nəzərə alınmadan salınan yaşıllıq sahələri uzunmüddətli perspektivdə davamlı olmaya bilər. Yerli şəraitə uyğun növlərin və ekoloji cəhətdən əsaslandırılmış yaşıllaşdırma üsullarının seçilməsi su sərfiyyatını azaltmağa və yaşıllıqların davamlılığını artırmağa imkan verir. O bildirib ki, şəhərsalma sənədlərində ekoloji qiymətləndirmənin və monitorinqin tətbiqi mümkün risklərin əvvəlcədən müəyyən edilməsi üçün vacib vasitədir. Ekoloji-geobotaniki xəritələr qorunmalı sahələrin, bərpa tələb edən ərazilərin və yaşıl şəbəkələrin əlaqələndirilməsi imkanlarının müəyyənləşdirilməsinə kömək edə bilər.
Müxbir- Tünzalə Arazlı