Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır
Bakı, 15 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra keçirilən qurultay dövlətçilik tariximizin yeni mərhələsini əks etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova deyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb siyasi və ictimai sınaqlarla üzləşdiyi bir dövrdə yaranıb. Yarandığı ilk illərdə müxalifət partiyası kimi fəaliyyət göstərən YAP sonradan xalqın etimadını qazanaraq ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrilib.
Tünzalə Yusifovanın sözlərinə görə, Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışı partiyanın keçdiyi tarixi yolu, əldə etdiyi nailiyyətləri və qarşıda duran vəzifələri əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın ən böyük tarixi nailiyyətlərindən biri 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və ərazi bütövlüyümüzün bərpasıdır. Bu uğur güclü iqtisadiyyatın qurulması, müasir ordunun yaradılması, müstəqil siyasət və xalqın birliyi sayəsində mümkün olub : “Vətən müharibəsində qazanılan Qələbənin əsasında qətiyyət, milli həmrəylik və Azərbaycan xalqının öz liderinə inamı dayanırdı. Minlərlə Azərbaycan övladının Vətən uğrunda canından keçməsi isə xalqımızın vətənpərvərlik ruhunun bariz nümunəsidir. Müasir dövrdə ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, ideoloji təxribatlara qarşı mübarizə də xüsusi aktuallıq daşıyır. Xüsusilə internet və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir şəraitdə təhsil gənclərin düzgün istiqamətləndirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Müasir təhsilin məqsədi yalnız bilikli deyil, həm də müstəqil düşünən, texnologiyalardan düzgün istifadə edən, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər gənclər yetişdirməkdir. Keyfiyyətli təhsil güclü dövlət quruculuğunun və milli təhlükəsizliyin əsas şərtlərindən biridir. Savadlı vətəndaşlar informasiya mənbələrini düzgün qiymətləndirməyi, həqiqəti yanlış məlumatlardan ayırmağı bacarmalıdırlar”.
Tünzalə Yusifova qeyd edir ki, Azərbaycanın gələcək inkişafı dövlətçilik ənənələrinin qorunması, iqtisadi dayanıqlığın gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və əhalinin rifahının yaxşılaşdırılması ilə sıx bağlıdır. YAP-ın VIII qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyəti onların konkret işlərə, real nəticələrə və insanların həyatında müsbət dəyişikliklərə çevrilməsi ilə müəyyən olunur. Bu istiqamətdə milli birlik, keyfiyyətli təhsil və vətəndaş məsuliyyəti Azərbaycanın gələcək uğurlarının mühüm şərtləridir.