Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ
Bakı, 15 oktyabr, AZƏRTAC
Bir xalqın taleyində elə tarixi məqamlar olur ki, illər keçdikcə onların əhəmiyyəti daha dərindən anlaşılır. Həmin günlərdə verilən qərarlar zamanın sınağından keçir, dövlətin gələcək inkişaf yolunu müəyyənləşdirir. Azərbaycan tarixinin 2003-cü il 15 oktyabr səhifəsi də belə məna daşıyır. Arxada qalan illər Ümummilli Lider Heydər Əliyevin siyasi müdrikliyinin, uzaqgörənliyinin və siyasi varisi İlham Əliyevə bəslədiyi inamın Azərbaycanın taleyində mühüm rolunu daha aydın göstərir.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı tarixi müraciət dövlətçilik salnaməmizin mühüm sənədlərindən biri kimi yadda qalıb. Müraciətdə səslənən “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinin arxasında Azərbaycanın gələcəyini düşünən dövlət xadiminin siyasi iradəsi dayanırdı.
Ümummilli Lider dövlətçiliyimizin qorunması naminə böyük mübarizə aparmış şəxsiyyət idi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, sabitliyin bərpasına, dövlət institutlarının möhkəmlənməsinə və iqtisadi inkişafın əsaslarının yaradılmasına yol açdı.
Xalqın etimadını qazanaraq 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev qarşısına mühüm tarixi vəzifələr qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi qüdrətin artırılması, müasir ordunun yaradılması və ərazi bütövlüyünün bərpası əsas istiqamətlər idi. Bu gün həmin hadisələr siyasi varisliyin dövlətin inkişafındakı rolunu göstərir.
Bu fikirlər Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, ictimai xadim, yazıçı-publisist Zərifə Quliyevanın “Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru” başlıqlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Kiçik coğrafiyadan böyük siyasi nüfuza
Dünya xəritəsinə baxanda Azərbaycan ərazisinə görə kiçik görünür. Lakin ölkənin beynəlxalq nüfuzunu onun coğrafi ölçüləri müəyyənləşdirmir. Dövlətin əsl gücü siyasi iradəsində, iqtisadi imkanlarında, milli maraqlarını müdafiə etmək bacarığında və dünyada qazandığı etimadda özünü göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional əməkdaşlıq sahələrində mühüm təşəbbüslərin iştirakçısına çevrilib.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının davamı olaraq həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi imkanlarını genişləndirib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu artırıb. Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də iqtisadi inkişafı milli təhlükəsizlik, sosial rifah və ordu quruculuğu ilə əlaqələndirməsidir. Ölkənin maliyyə imkanlarının artması müasir müdafiə sisteminin yaradılmasına, mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradıb.
Vaxtilə iqtisadi çətinliklərlə üzləşən Azərbaycan bu gün regionun mühüm enerji və nəqliyyat mərkəzlərindən biridir. Bu inkişafın arxasında uzunmüddətli strategiya, siyasi ardıcıllıq və dövlət maraqlarına əsaslanan idarəçilik dayanır.
İllərlə qorunan amalın Zəfərə çevrildiyi gün
Azərbaycan xalqının son otuz ildən artıq tarixində Qarabağ məsələsi xüsusi yer tutub. İşğal altında qalan torpaqlarımız, doğma yurdlarından didərgin düşən soydaşlarımız, dağıdılan şəhər və kəndlərimiz xalqımızın ən böyük ağrılarından biri idi.
Qarabağdan uzaqda böyüyən uşaqlar ata-babalarının yurdunu xatirələrdən tanıdılar. Şuşanın küçələri, Ağdamın evləri, Laçının dağları, Kəlbəcərin bulaqları ailə söhbətlərində və doğma yurda qayıtmaq arzularında yaşamağa davam etdi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə iqtisadi, siyasi, diplomatik və hərbi istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin həlledici mərhələsinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması xəbəri bütün Azərbaycanı sevincə qərq etdi. Xalqımız uzun illərin həsrətinə son qoyan tarixi Qələbənin sevincini yaşadı.
Zəfərin qazanılmasında Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi, dövlətin iqtisadi və hərbi gücü, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi mühüm rol oynadı. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.
Azərbaycan 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Bu hadisə müasir dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu.

Ata vəsiyyəti və xalq qarşısında yerinə yetirilən söz
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsi və ata vəsiyyətini yerinə yetirməsi barədə söylədiyi fikirlər hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Həmin sözlərdə bir övladın atasına ehtiramı, bir dövlət başçısının xalqı qarşısında məsuliyyəti, bir sərkərdənin tarixi missiyasını yerinə yetirməsinin qüruru birləşirdi.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Prezident İlham Əliyev bu arzunu gerçəkləşdirdi. Bu hadisənin siyasi əhəmiyyəti ilə yanaşı, böyük mənəvi mənası da var. Burada dövlətçilik əxlaqı, nəsillər qarşısında məsuliyyət və siyasi varisliyin tarixi nəticəsi görünür. Bir ata ömrünü Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinin qorunmasına həsr etdi. Bir oğul həmin dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək onun tarixində yeni səhifə açdı.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də, dövlət başçısı seçilməsinin iyirminci ildönümündə Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə xalqımızın yaddaşına müstəqillik və suverenlik tariximizin qürurverici anlarından biri kimi həkk olundu.
Böyük Qayıdış: Zəfərin davam edən quruculuq salnaməsi
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biridir.
Azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında yaşayış məntəqələri salınır, yollar, məktəblər, səhiyyə müəssisələri, sosial və iqtisadi infrastruktur obyektləri yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.
Bu prosesin ən təsirli mənzərəsi illərlə həsrətini çəkdiyi torpağa qayıdan insanların sevincidir. Bir zamanlar evlərinin açarını xatirə kimi saxlayan ailələr indi yenidən doğma yurdlarında həyat qururlar. Uşaqlar ata-babalarının doğulduğu torpaqlarda məktəbə gedir, illərlə səssiz qalan küçələrdə həyat canlanır.
Qarabağın dirçəlişi Azərbaycanın iqtisadi qüdrətini, quruculuq potensialını və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı proqramlar Zəfərin nəticələrinin möhkəmləndirilməsinə, azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və sosial həyatına inteqrasiyasına xidmət edir.
Bu gün Qarabağda ucaldılan hər bir məktəb, salınan hər bir yaşayış məhəlləsi, çəkilən hər bir yol Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.

Dövlətin gələcəyi onun yetişdirdiyi nəsillərdə yaşayır
Güclü dövlətin əsas dayaqlarından biri də savadlı, vətənpərvər, milli dəyərlərinə bağlı insan kapitalıdır.
Ulu Öndər Heydər Əliyev təhsilin inkişafına, milli kadrların hazırlanmasına, gənclərin dövlətçilik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu istiqamətdə həyata keçirilən proqramlar, təhsil infrastrukturunun yenilənməsi, elmin və innovasiyanın inkişafına göstərilən diqqət ölkəmizin gələcək inkişafına xidmət edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələr də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Dövlətin gələcəyini düşünmək onun sabahını quracaq insanları yetişdirməkdən başlayır. Azərbaycan gənclərinin müasir biliklərə yiyələnməsi, milli kimliyini qoruması, ölkəsinin inkişafında fəal iştirak etməsi dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir.
Bu gün müstəqil, qalib və suveren Azərbaycanın vətəndaşı kimi böyüyən yeni nəsil tariximizin ən şərəfli dövrlərindən birinin şahididir. Onların üzərinə düşən mənəvi məsuliyyət bu tarixi nailiyyətləri qorumaq, dövlətimizin inkişafına öz töhfələrini verməkdir.
Tarixin təsdiqlədiyi böyük inam
2003-cü ilin 15 oktyabrından ötən 23 il Azərbaycanın müasir dövlətçilik tarixində böyük hadisələrlə yadda qalıb. Bu illərdə ölkəmizin iqtisadi və siyasi imkanları genişlənib, beynəlxalq mövqeləri möhkəmlənib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bütün bu hadisələrin fonunda Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də söylədiyi sözlər bu gün daha dərin məna qazanır.
Mən düşünürəm ki, bir liderin böyüklüyü həm də xalqının gələcəyini hansı məsuliyyətlə düşünməsində, dövlətinin sabahına hansı möhkəm təməllər yaratmasında özünü göstərir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müstəqil dövlətçilik irsi qoyub. İlham Əliyevin rəhbərliyi ilə bu irs yeni tarixi nailiyyətlərlə zənginləşib, Azərbaycan qalib və suveren dövlət kimi inkişafının yeni mərhələsinə qədəm qoyub.
Bu gün Azərbaycan dünya xəritəsində öz milli maraqlarını müdafiə edən, müstəqil siyasi iradəyə malik, beynəlxalq əməkdaşlıqda fəal iştirak edən dövlət kimi mövqeyini möhkəmləndirir. Tariximizin inkişafla başlayıb Zəfərlə davam edən bu mərhələsi gələcək nəsillər üçün böyük dövlətçilik məktəbidir.
İllər ötəcək, yeni nəsillər yetişəcək, Azərbaycan qarşısına daha böyük hədəflər qoyacaq. Ancaq xalqımızın yaddaşında Ümummilli Liderin müdrikliyi, İlham Əliyevin qətiyyəti və Azərbaycan dövlətçiliyinin bu iki tarixi mərhələsi daim yaşayacaq.
Ulu Öndər Azərbaycanın gələcəyinə inanırdı. Prezident İlham Əliyev isə həmin inamı tarixi Zəfərlə doğrultdu. Bu gün üçrəngli bayrağımızın Azərbaycanın bütün suveren ərazisində dalğalanması həmin inamın, xalqımızın mübarizəsinin və dövlətçilik iradəsinin ən böyük təntənəsidir.