İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk
Bakı, 15 oktyabr, AZƏRTAC
İnklüziv məşğulluğu, sadəcə, sosial məsuliyyət kimi görmürük. Əslində, bunun ədalətli imkan yaratmaq, istedadı görmək və potensialı üzə çıxarmaq məsələsi olduğunu düşünürük.
AZƏRTAC xəbər verir ki, bunu "SOCAR Midstream Gas Operations”in icraçı direktoru Polad Rüstəmov I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında çıxış edərkən deyib.
O bildirib ki, biznes tərəfindən baxılarsa, müasir əmək bazarında şirkətlərin qarşısında çoxsaylı tapşırıqlar var: “Yeni texnologiyalar, dəyişən bacarıq tələbləri, demoqrafik dəyişikliklər və artan təkrar rəqabət. Belə bir mühitdə heç bir cəmiyyət öz insan potensialının bir hissəsini kənarda qoymaq istəməz. İnklüziv məşğulluq da məhz buna görə yalnız sosial siyasət deyil, eyni zamanda, iqtisadi inkişafın bir hissəsidir. Bu yanaşma SOCAR və onun törəmə müəssisələrinin strategiyasında xüsusi əhəmiyyət daşıyan insan kapitalının inkişafı, davamlı sosial sərmayə və cəmiyyətlər üçün uzunmüddətli dəyərin yaradılması prinsiplərinə bilavasitə bağlıdır. Biz müxtəlif təcrübələrə, fərqli baxışlara və həyat yollarına malik olan insanların əmək bazarına daxil olmasına şərait yaratdıqca, daha dayanıqlı və çevik təşkilatlar formalaşdırırıq. Bu baxımdan da inklüzivliyi xüsusi imkan kimi yox, bərabər imkan kimi qiymətləndiririk".