Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
Bakı, 14 oktyabr, AZƏRTAC
70 illik ömrümün 48-ni bu sənətə həsr etmişəm. İllər keçsə də, səhnədə yaşadılan hisslərin və yaradılan obrazların yaddaşlarda qalması aktyor üçün ən böyük xoşbəxtlikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, “Şöhrət” ordenli Nurəddin Mehdixanlı deyib.
O diqqətə çatdırıb ki, əgər teatr bu gün də yaşayırsa, deməli, nəfəs alır, cəmiyyətlə birlikdə dəyişir və insanlara təsir göstərir.
Xalq artisti aktyor sənətinin çətinliklərindən danışarkən deyib: “Hər dəfə fərqli bir insana çevrilmək, onun hisslərini, düşüncələrini və problemlərini yaşamaq aktyordan böyük məsuliyyət və peşəkarlıq tələb edir. Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir. Teatr insanı öyrədən, düşündürən və həyata fərqli baxış qazandıran sənətdir. Bu sənətdə qazandığım hər şeyə görə çalışdığım kollektivə minnətdaram. Çünki teatr təkcə səhnədə deyil, həm də bir-birinə dayaq olan insanların qəlbində yaşayır”.
Müxbir - Fidan Əlizadə