Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir
Bakı, 14 oktyabr, AZƏRTAC
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təhsil mühitində bərabərliyin təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısının alınması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə bütün şagirdlər tərəfindən eyni qaydada əməl olunmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Vaqif Abışov deyib. O bildirib ki, dövlət təhsil müəssisələri vahid qaydalar əsasında fəaliyyət göstərir. Bu baxımdan şagirdlərin geyimi ilə bağlı müəyyənləşdirilmiş tələblərin ayrı-ayrı şəxslərin istəklərinə və fərdi yanaşmalarına görə dəyişdirilməsi düzgün deyil. Qaydaların hamıya eyni şəkildə tətbiqi məktəbdə nizam-intizamın qorunmasına və şagirdlər arasında bərabər münasibətin formalaşmasına xidmət edir.
Vaqif Abışov vurğulayıb ki, vahid məktəbli geyimi şagirdlər arasında geyimə görə sosial fərqlərin qabardılmasının qarşısını almağa, onların diqqətini xarici görünüşdən daha çox təhsilə yönəltməyə kömək edir. Buna görə də məktəbli formasına dair tələblərə əməl olunması ümumi təhsil mühitinin qorunmasının vacib şərtlərindən biridir.
O, son günlər məktəbli geyimi ətrafında, o cümlədən hicabla bağlı yaranan narazılıqlara da münasibət bildirib: “Fərdi dini baxışlar və şəxsi yanaşmalar ümumtəhsil müəssisələrində qüvvədə olan ümumi qaydaların əvəzlənməsinə əsas verməməlidir. Məktəblərdə hər hansı məsələ ilə bağlı narazılıqların müzakirəsi qarşılıqlı hörmət və qanunvericiliyin tələbləri çərçivəsində aparılmalıdır. Milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi ailə, məktəb və cəmiyyətin birgə məsuliyyətidir. Eyni zamanda, dini məsələlərdə maarifləndirmənin gücləndirilməsi, uşaqların düzgün məlumatlandırılması və onların müstəqil düşüncə qabiliyyətinin inkişaf etdirilməsi vacibdir. Məktəblərə cəmiyyətin ümumi sərvəti kimi yanaşılmalı, təhsil müəssisələrində sabitliyin və sağlam tədris mühitinin qorunmasına hər kəs töhfə verməlidir”.
Müxbir-Nərmin Muradzadə