Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur
Tbilisi, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Gürcüstanda Svetitsxoveli bayramı və bu ölkədə xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Mtsxetadakı Svetitsxoveli Patriarxal Katedralında təntənəli ibadət mərasimi keçirilib.
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Suxumi-Abxaziya mitropoliti III Şio Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun üzvləri ilə birlikdə ayinə rəhbərlik edib.
Tədbirdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, müxtəlif yerli pravoslav kilsələrinin nümayəndə heyətlərinin üzvləri və xaricdən gələn qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Svetitsxovloba bayramı ildə iki dəfə iyulun 13-də və oktyabrın 14-də qeyd olunur.
Oktyabrın 14-də kilsə İsa Məsihin köynəyini yad edir, iyulun 13-də isə Məsihin bütün həvarilərinin xatirəsi anılır.