BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Xarici İşlər Nazirliyi (XİN), “BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin növbəti qonağı XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayev olub.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Diplomatiya saatı” layihəsi tələbələrin diplomatik fəaliyyətin mahiyyətini daha yaxından öyrənməsi, beynəlxalq münasibətlər sahəsində biliklərini genişləndirməsi və gələcək peşəkar fəaliyyətlərinə hazırlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayev Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, qorunması və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. UNESCO ilə əməkdaşlığın mədəniyyət, təhsil və elm sahələrinin inkişafında, mədəniyyətlərarası dialoqun təşviqində və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsində mühüm rolunu vurğulayıb. Səfir təşkilatın prioritet istiqamətlərinə toxunaraq, ictimai diplomatiyanın dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfədən də danışıb: “Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun müvafiq beynəlxalq siyahılarında yer alması milli-mədəni dəyərlərimizin dünya miqyasında tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı sənəti və digər mədəni irs nümunələrimizin beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın zəngin mədəni ənənələrinin təbliğinə, qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, xüsusilə gənclərin milli irsimizin öyrənilməsi və beynəlxalq auditoriyaya təqdim olunması prosesində fəal iştirakı çox vacibdir”.