AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika və maşın dizaynı kafedrasının baş müəllimi Bəhruz Cəbrayılov Türkiyənin Tekirdağ şəhərində keçirilən XI Beynəlxalq Türkiyə Üzümçülük və Texnologiyaları Simpoziumunda iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Bəhruz Cəbrayılov simpoziumda “Production of Functional Cocktails” (“Funksional kokteyllərin istehsalı”) mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə funksional kokteyllərin hazırlanmasında müxtəlif yabanı meyvə xammallarından istifadə imkanları, onların bioaktiv birləşmələri və qida dəyəri, eləcə də bu xammalların funksional qida məhsullarının istehsalında tətbiqi perspektivləri diqqətə çatdırılıb.
Simpoziumun proqramı çərçivəsində Tekirdağ bölgəsindəki üzüm bağlarına və istehsal müəssisələrinə səfərlər təşkil olunub. İştirakçılar üzüm sortlarının xüsusiyyətləri, tənəklərin becərilməsi, aqrotexniki qulluq tədbirləri, üzüm xammalının emalı və müəssisələrdə tətbiq olunan istehsal texnologiyaları ilə tanış olublar.
Səfər zamanı əldə edilən bilik və təcrübənin gələcək elmi-tədqiqat işlərində və tədris prosesində tətbiqi, həmçinin funksional qida məhsullarının hazırlanması üzrə araşdırmaların genişləndirilməsi nəzərdə tutulur.