Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib
Xankəndi, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qonaqları qarşılayan Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara Xankəndi şəhərinin tarixi, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Eyni zamanda, ərazilərdə yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun başçılıq etdiyi heyət Xankəndi şəhərində yerləşən Zəfər parkını da ziyarət edib. Burada qonaqlara məlumat verilib ki, tarixi ədalətin və Qələbənin rəmzi olan bu park, Azərbaycanın öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığı və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Parkın girişindən Zəfər tağına doğru salınan 44 pilləkən üzərində quraşdırılmış lövhələrdə müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər parkını ziyarətdən sonra Qarabağ Universiteti ilə tanış olan nümayəndə heyətinə, bu ali təhsil müəssisəsinin fəaliyyəti, tədris imkanları və işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.