Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
Moskva, 14 oktyabr, AZƏRTAC
Moskva bölgəsindəki dörd hava limanına kütləvi dron hücumu təyyarələrin enişi və uçuşlarını müvəqqəti olaraq dayandırıb. Saratov bölgəsində gecə baş verən hücumda isə bir nəfər ölüb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 13 oktyabr axşamından 14 oktyabr səhərinə qədər Moskva bölgəsində 400-dən çox dron müşahidə olunub və onların əksəriyyəti şəhər kənarındakı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Oktyabrın 13-ü axşamı Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin enişi və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib, daha sonra Şeremetyevoda uçuş xidmətləri dayandırılıb. Moskva vaxtı ilə saat 06:44-də dörd hava limanının hamısı fəaliyyətini bərpa edib.
Vnukovo səkkiz saatdan çox uçuşsuz qalıb. Məhdudiyyətlər müddətində təyyarədəki bütün sərnişinlər terminala qaytarılıb. Şeremetyevo və Domodedovo hava limanları mümkün cədvəl dəyişiklikləri ilə bağlı xəbərdarlıqlar edib. Domodedovo xidmətləri gecikmiş uçuşları idarə etmək üçün gücləndirilmiş iş rejimində işləyir.
Saratov vilayətinin Balakovo şəhərində qubernator Roman Busargin bir neçə evin zədələndiyini bildirib. İlkin məlumatlara görə, bir qadın ölüb. Balakovo bələdiyyə rayonunun rəhbəri Sergey Barulin məktəblərdə dərslərin ləğv olunduğunu və uşaq bağçalarının fəaliyyətinin dayandırıldığını açıqlayıb.