Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər
Bakı,14 oktyabr, AZƏRTAC
Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında bizneslə məşğul ola bilərlər. Şirkətlər Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitdən faydalana, sərmayə yatırıb istehsala başlaya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Laos investisiya və biznes-forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Laos bərpaolunan enerji sahəsində təcrübəyə malikdir və bu sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması tərəflər üçün faydalı olar.
“Azərbaycan isə enerji resurslarının etibarlı təchizatçısı kimi çıxış edir, Günəş, külək və hidroenerji istehsalı üzrə gücünü artırır. Bizim bərpaolunan enerji mənbələri, enerji şəbəkələrinin idarə edilməsi və enerji səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarımız var”, - deyə A.Axundov vurğulayıb.
Nazir müavini hər iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin inkişafının faydalı olacağına əminliyini ifadə edib: “Əməkdaşlıq həm özəl sektor, həm də dövlət üçün faydalıdır. Hər iki ölkənin geniş iqtisadi potensialı var və bu potensialdan istifadə etmək lazımdır”.