lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə III Milli Rəqabət Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunan tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.
Forum ölkədə rəqabət siyasətinin yeni prioritetlərinin müzakirəsi, rəqabət mühitinin inkişafına dair yanaşmaların müəyyənləşdirilməsi, eləcə də dövlət qurumları, tənzimləyici orqanlar, biznes və akademik dairələr arasında fikir mübadiləsinin təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.
Tədbirin açılışında energetika naziri Pərviz Şahbazov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış ediblər.
Çıxışlar zamanı rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqinin, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsirinin vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılıb. Rəqabət prinsiplərinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinin zəruriliyi qeyd olunub, rəqabət siyasətinin əlverişli investisiya mühitinin yaradılması, sahibkarlığın inkişafı və dayanıqlı iqtisadi artımın təmin edilməsindəki rolundan bəhs edilib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Rəqabət siyasətinin yeni mərhələsində elmi-analitik baxışın əhəmiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı “Müasir iqtisadi siyasət çərçivəsində təbii inhisar fəaliyyət sahələrinin tənzimlənməsi”, İqtisadiyyat Nazirliyinin sektor müdiri Türkan Vüsət “Dövlət-özəl tərəfdaşlığı və rəqabət: İnfrastrukturun inkişafında yeni imkanlar” və Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdiri Mirməhəmmədəli Aslanov “Müstəqil tənzimləyici qurumlarla rəqabət siyasətinin həyata keçirilməsində əməkdaşlıq istiqamətləri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Təqdimatlar çərçivəsində təbii inhisar sahələrində dövlət nəzarətinin xüsusiyyətləri, rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərindən bəhs edilib. Rəqabət siyasətinin formalaşdırılmasında elmi-analitik yanaşmaların vacibliyi və sözügedən sahədə müstəqil tənzimləyici qurumlarla əməkdaşlığın inkişafı məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.