Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Bakı, 14 oktyabr, AZƏRTAC
İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahələrində uzunmüddətli tərəfdaşlıqlar qurmaq, texnologiya və təcrübə mübadiləsini genişləndirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
O bildirib ki, tikinti və infrastruktur Azərbaycan üçün yalnız iqtisadiyyatın mühüm sektorları deyil, həm də ölkənin gələcəyinə dair daha geniş inkişaf strategiyasının tərkib hissəsidir.
“İtaliya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. İtaliya tikinti sektorunda geniş istehsal bazasına və ixtisaslaşmış sənaye potensialına malikdir. İtaliya şirkətləri məhsullarla yanaşı, texnologiyalar, mühəndislik təcrübəsi, xüsusi təyinatlı avadanlıqlar, materiallar, enerjiyə qənaət edən həllər, memarlıq və dizayn imkanları da təklif edirlər. İtaliya şirkətlərinin sərgidə iştirakı onların Azərbaycan bazarına marağını və uzunmüddətli tərəfdaşlıqlar qurmaq istəyini nümayiş etdirir. Məqsəd yalnız məhsul satmaq deyil, həm də Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək, bilik və təcrübə mübadiləsi aparmaq, birgə layihələr hazırlamaqdır”,- deyə o qeyd edib.
O, enerji səmərəliliyi, dayanıqlı tikinti, ağıllı bina texnologiyaları, müasir materiallar, mühəndislik və ixtisaslaşdırılmış avadanlıqlar sahələrini əməkdaşlığın perspektivli istiqamətləri kimi qeyd edib.