İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər
Bakı,14 oktyabr, AZƏRTAC
İqtisadi və ticarət əlaqələrin inkişafı hər iki ölkənin ümumi inkişafına təkan verə biləcək amildir. Bu baxımdan Laos və Azərbaycanın müvafiq qurumları sıx əməkdaşlıq edərək həm dövlət, həm də özəl sektorun qarşılıqlı münasibətlərini artırmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Laos investisiya və biznes-forumda çıxış edən Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlanya deyib.
O təklif edib ki, Laos və Azərbaycan ticarət palataları arasında birgə İşgüzar Şura yaradılsın və işçi qrupu formalaşsın.
“Bu qrup qarşılıqlı əlaqələrin inkişafında böyük rol oynaya bilər. İlk növbədə qarşılıqlı məlumat mübadiləsi aparılsın ki, bundan da iş adamları və biznes strukturları səmərəli istifadə edə bilər. Birgə İşgüzar Şura səfərlər təşkil edib hər iki ölkənin iqtisadi potensialı ilə iş adamlarını tanış edə bilər ki, bu da qarşılıqlı sərmayə yatırımında köməklik göstərər”, - deyə Tanonqsin Kanlanya vurğulayıb.