Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
Bakı, 14 oktyabr, AZƏRTAC
“ASAN xidmət” mərkəzində göstərilən xidmətlər məndə çox müsbət təəssürat yaratdı. Mərkəz vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək, onların buradan məmnun və xoş təəssüratlarla ayrılmasını təmin etmək üçün əlindən gələni edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit deyib.
Laos Prezidenti Azərbaycan vətəndaşlarının “ASAN xidmət”in fəaliyyətindən məmnunluq səviyyəsinin 99,8 faiz olmasının çox yüksək göstərici olduğunu və bunun onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb: "Bu, vətəndaşların dövlətə hörmətini və etimadını da gücləndirir. “ASAN xidmət” yalnız mərkəzlərdə xidmət göstərməklə kifayətlənmir, həm də səyyar avtobuslar vasitəsilə ucqar və kənd yerlərində yaşayan insanlara xidmətləri çatdırır. "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm. Həmçinin arzu edirəm ki, “ASAN xidmət” indiyədək olduğu kimi, bundan sonra da dünyanın müxtəlif ölkələrində mükafatlar qazanmağa və beynəlxalq səviyyədə tanınmağa davam etsin".