Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır
Bakı, 14 oktyabr, AZƏRTAC
Hər il neft çirklənməsi təxminən 1,58 milyon kvadratkilometr dəniz akvatoriyasına təsir göstərir. Buraya yalnız böyük tanker qəzaları deyil, həm də gəmilərdən daha kiçik dağılmalar və tullantılar da daxildir ki, bunlar da çox vaxt diqqətdən kənarda qalır.
AZƏRTAC xəbər verir ki, “SkyTruth” ətraf mühit təşkilatının 2023-cü ildən 2025-ci ilə qədər peyk görüntülərinin təhlilinə əsaslanan tədqiqatına istinadla yayılan məlumata görə, tədqiqatçılar neft ləkələrinin yayılmasını araşdırıb və peyk müşahidələrinin nadir hallarda aparıldığı ərazilərdə belə çirklənmənin dərəcəsini qiymətləndiriblər. Ən çox təsirlənən ərazilər arasında Qara, Aralıq və Qırmızı dənizlər, Körfəz, Qərbi Afrika sahilləri və İndoneziya ətrafındakı sular var.
Tədqiqata görə, çirklənmə mənbəyinin müəyyən edilə biləcəyi ləkələrin təxminən 81 faizi gəmilərlə əlaqəli olub. Digər 18 faiz isə dənizdəki neft hasilatı müəssisələrinə və digər neft infrastrukturuna aid edilib. Tankerlər və yükdaşıyıcıları çirklənmədə ən çox iştirak edən gəmilərdir.
Neft ləkələri, həmçinin qorunan təbii ərazilər üçün təhlükə yaradır. Onlar dəniz axınları ilə əhəmiyyətli məsafələrə daşına və dəniz ekosistemlərinin qorunduğu sulara düşə bilər. Məsələn, Konqo Respublikasındakı Konkuati-Duli Milli Parkının dəniz hissəsində mütəxəssislər parkın xaricindəki üç obyektdən gələn 27 ləkə aşkar ediblər.
Çirklənmənin səbəbkarlarını müəyyən etmək hələ də çətin məsələ olaraq qalır. “SkyTruth”a görə, tədqiqatçılar neft dağılmalarının şübhəli mənbələri kimi müəyyən edilmiş gəmilərin yarıdan çoxunun sahiblərini tapa bilməyiblər.
Təşkilat dənizlərin peyk monitorinqini genişləndirməyə və gəmi mülkiyyəti məlumatlarının daha şəffaf olmasına çağırır. Bu, çirklənmənin vaxtında aşkarlanmasına, mənbələrinin müəyyən edilməsinə və dəniz mühitinin daha effektiv qorunmasına imkan verəcək.