Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatına maraq göstərən Səudiyyə Ərəbistanının uşaq yazıçısı, mədəniyyət məsələləri üzrə məsləhətçi Əhməd Tabeici Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, qonaq muzeyin zəngin ekspozisiyası ilə tanış olub, Azərbaycan ədəbiyyatının tarixi və görkəmli nümayəndələrinin yaradıcılığı haqqında məlumat alıb.
Muzeyin zəngin ekspozisiyasını gəzməkdən mənəvi zövq aldığını deyən qonaq “Dədə Qorqud”, “Koroğlu” dastanlarının ideyasını, həmçinin ərəbdilli Azərbaycan şairlərinin ərəb mənbələrindəki yaradıcılığını yüksək qiymətləndirib.
Əhməd Tabeici ekspozisiya ilə onu tanış edən Beynəlxalq əlaqələr və dünya muzeyləri ilə rəqəmsal resurs mübadiləsi şöbəsinin elmi işçisi Natəvan Bağırovaya Azərbaycan ədəbiyyatının keçmişi və bu günü haqqında suallarını verib, Nizami Gəncəvinin, Hüseyn Cavidin poetik irsində bəşər cəmiyyətinin vəhdəti, insan hüquqlarının qorunmasına dair fikirlərini bölüşüb.
Yazıçı Azərbaycan ədəbiyyatının keçdiyi zəngin inkişaf tarixinin mili-mənəvi dəyərlər üzərində qurulduğu qənaətində olduğunu söyləyib.