Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur
Bakı, 14 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə gənclərin könüllü fəaliyyətə cəlb olunması, onların sosial fəallığının artırılması və şəxsi inkişafının dəstəklənməsi istiqamətində layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, müvafiq proqram çərçivəsində 2006 gənc müraciət edib, hazırda 180 gənc birbaşa ərazidə könüllü kimi fəaliyyət göstərir.
“Proqramın əsas məqsədi gənclərin sosial inkişafına, təcrübə qazanmasına və gələcək karyera imkanlarının genişlənməsinə dəstək olmaqdır. Könüllülər üçün fərdi təlimlər təşkil edilir. Bu təlimlərə davamlı könüllü fəaliyyət, psixoloji hazırlıq və beynəlxalq fəaliyyətlə bağlı mövzular daxildir”,- deyə o qeyd edib.
O, həmçinin gənclərin Qarabağda keçirilən tədbirlərdə iştirakının onlara praktiki təcrübə qazandırdığını vurğulayıb.