Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
Bakı, 14 oktyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondu (QDF) hər il olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, fondun fəaliyyəti və vətəndaşlar arasında ianə mədəniyyətinin təşviqi ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq və daha çox insanın bu mühüm missiyada iştirakını təmin etmək məqsədilə “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir.
AZƏRTAC xəbər verir ki, sərginin ilk günündə QDF-in stendini ziyarət edən şəxslərə fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilir, fondun fəaliyyətinə həsr olunan xüsusi videoçarxlar nümayiş olunur.
Bir neçə ildir fondun stendində təqdim olunan və ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də sərgi iştirakçılarının ixtiyarına verilib. Əvvəlki illərdən fərqli olaraq, oyuna Qarabağın tarixi abidələri ilə yanaşı, Vətən müharibəsindən sonra inşa edilmiş yeni tikililər də əlavə olunub. Əyləncəni maarifləndirici məzmunla birləşdirən layihə mədəni irsin qorunmasını və Qarabağın dirçəlişini simvolizə etməklə yanaşı, ziyarətçilərə bölgənin tarixi və müasir inkişafı haqqında məlumat əldə etmək imkanı yaradır.
Builki sərgidə fondun stendində ilk dəfə Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Vətən müharibəsi və s. ilə bağlı suallardan ibarət viktorina da təqdim olunub. Ziyarətçilər viktorina suallarını cavablandıraraq öz biliklərini sınamaqla yanaşı, əyləncəli və interaktiv formatda Qarabağ haqqında məlumatlarını zənginləşdirirlər.
Qarabağın mədəni irsinə və füsunkar təbiətinə dair fotoların, eləcə də tanınmış şairlərin şeirlərindən, xalq mahnılarından və bayatılardan seçilmiş misraların, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və digər tanınmış şəxslərin Qarabağa dair çıxışlarından sitatların yer aldığı guşə milli ruhu nümayiş etdirir.
Həmçinin sərgi çərçivəsində ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olmaq imkanı əldə edirlər.
Fotoqraf – İlkin Cavanşirov