Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Buxara Dövlət Universitetinin təşkilati dəstəyi ilə universitetdə görkəmli Azərbaycan mütəfəkkiri, filosof və alim Yusif Qarabağinin adını daşıyan “Azərbaycanşünaslıq Mərkəzi” açılıb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Buxarada təşkil olunan “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın elm, təhsil və mədəniyyət nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Yeni yaradılan mərkəz XVI–XVII əsrlərdə yaşayıb-yaratmış, elmi-fəlsəfi irsi ilə Şərq düşüncə tarixində mühüm iz qoymuş Azərbaycan mütəfəkkiri Yusif Qarabağinin xatirəsinin yaşadılması, zəngin elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. “Qarabağdan Buxaraya uzanan elm yolu” ideyasını özündə əks etdirən mərkəz, eyni zamanda, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik elmi, ədəbi və mədəni əlaqələrin daha da inkişafına xidmət edəcək.
Mərkəzin tərtibatında Azərbaycan xalqının zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən materiallara xüsusi yer ayrılıb. Burada Azərbaycanın görkəmli şəxsiyyətlərinə, tarixi-mədəni irsinə, eləcə də Azərbaycan–Özbəkistan dostluq və qardaşlıq münasibətlərinə dair məlumatlar, müxtəlif nəşrlər, kitablar və milli mədəniyyət nümunələri nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, Yusif Qarabaği Azərbaycan xalqının dünya elmi-fəlsəfi fikir tarixinə bəxş etdiyi görkəmli mütəfəkkirlərdən biridir. O qeyd edib ki, alimin Buxarada yaşayıb-yaratması Azərbaycan və Özbəkistan arasında çoxəsrlik elmi-mədəni əlaqələrin bariz nümunəsidir.
Akif Marifli vurğulayıb ki, Yusif Qarabağinin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzinin Buxara Dövlət Universitetində yaradılması onun zəngin irsinin öyrənilməsi və təbliği, eləcə də iki ölkə arasında elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gələcəkdə mərkəz yalnız tarixi-mədəni irsin nümayiş olunduğu məkan kimi deyil, həm də Azərbaycan dili, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair dərslərin, elmi seminarların, mühazirələrin, ədəbi görüşlərin və müxtəlif maarifləndirici tədbirlərin təşkil ediləcəyi fəal elmi-tədris platforması kimi fəaliyyət göstərəcəkdir.
O bildirib ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın görkəmli mütəfəkkirlərinin irsinin Özbəkistanda tanıdılması məqsədilə ali təhsil müəssisələrində Azərbaycanşünaslıq mərkəzlərinin və xüsusi auditoriyaların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Tədbirdə çıxış edən Buxara Dövlət Universitetinin rektoru Obidjon Hamidov Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, universitetdə Yusif Qarabağinin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının mühüm elmi və mədəni hadisə olduğunu vurğulayıb. Rektor yeni mərkəzin tələbələrin Azərbaycan tarixi, dili, ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmasına, eləcə də birgə elmi-tədqiqat və təhsil layihələrinin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimində iştirakçılar yeni yaradılan mərkəzlə tanış olub, burada nümayiş etdirilən kitablar, elmi və mədəni materiallar haqqında məlumat alıblar.
Buxara Dövlət Universitetində fəaliyyət göstərəcək “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” Azərbaycan xalqının zəngin elmi və mədəni irsinin Özbəkistanda təbliğinə, ortaq tarixi-mənəvi dəyərlərin yaşadılmasına, eləcə də Azərbaycan–Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.