Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq (AICT2026) Konfransının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu konfrans Azərbaycanda artıq yeddinci dəfədir keçirilir.
Konfrans ADA Universiteti, IEEE-nin müvafiq Azərbaycan bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazax-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu və “Alessandro Faedo” İnformasiya Elmləri və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
20 illik yubileyini qeyd edən AICT konfranslar silsiləsi bu il “20 ildir elmi, texnologiyanı və cəmiyyəti birləşdiririk” şüarı altında keçirilir. Konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, ən son yenilikləri müzakirə etmək üçün tədqiqatçıları, akademikləri və sənaye mütəxəssislərini bir araya gətirməkdir.
Açılış mərasimində ADA Universitetinin rektoru, Hafiz Paşayev və tərəfdaş qurumların nümayəndələri çıxış ediblər.
Konfransda kompüter elmlərinə mühüm töhfələri ilə dünyada tanınan alimlərin plenar çıxışları dinləniləcək.
Proqram Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbenin “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış” mövzusunda çıxışı və “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” adlı panel müzakirəsi ilə davam edəcək.