Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
Bakı, 13 oktyabr, AZƏRTAC
2026-cı ilin birinci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunub. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2 faiz (2 milyon manat) artaraq 123 milyon manat, öhdəlikləri isə 9 faiz (6 milyon manat) artaraq 70 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə Sabitliyi hesabatı"na istinadla xəbər verir ki, dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri kiçilib.
2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin müştəri aktivləri 18 faiz (472 milyon manat) azalaraq 2,1 milyard manata çatıb. Müştəri aktivlərində azalmanın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 25 faiz (552 milyon manat) azalaraq 1,7 milyard manat təşkil edib.
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2026-cı ilin 1-ci yarımilinə investisiya şirkətləri üzrə məcmu kapital 51,2 milyon manat, tələb olunan kapital isə 8,7 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir.
İnvestisiya şirkətlərinin xalis mənfəətində, o cümlədən kapitalın gəlirlik göstəricisində artım müşahidə olunub. Belə ki, 2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin xalis mənfəəti 60 faiz (0,9 milyon manat) artaraq 2,4 milyon manat olub. İnvestisiya şirkətlərinin xalis mənfəəti əsasən artan müştəri sifarişləri və portfel idarəedilməsi gəlirləri hesabına formalaşıb.