Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir
Berlin, 13 oktyabr, AZƏRTAC
Avropa İttifaqının Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) ilə Avropa Kosmik Agentliyi (ESA) sərhədlərin mühafizəsi və təhlükəsizliyin gücləndirilməsi üçün peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də Varşavada Frontex-in icraçı direktoru Hans Laytens və ESA-nın baş direktoru Yosef Aşbaxer birgə sənəd imzalayıblar. Sənəd iki qurum arasında texniki əməkdaşlığın davam etdirilməsini və yeni əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Qurumlar 2015-ci ildən Avropa İttifaqının “Copernicus” Yer müşahidə proqramı çərçivəsində əməkdaşlıq edir. Peyklərdən əldə olunan görüntülər Aİ-nin xarici sərhədlərində vəziyyətin izlənilməsinə və milli sərhəd qurumlarının məlumatlandırılmasına kömək edir.
Əməkdaşlığın genişləndirilməsi çərçivəsində Varşavada ESA-nın təhlükəsizlik və dayanıqlılıq məsələlərinə həsr olunacaq mərkəzinin yaradılması da mühüm əhəmiyyət daşıyır. Tərəflər kosmik texnologiyaların sərhəd təhlükəsizliyi və fövqəladə vəziyyətlərə hazırlıq sahələrində tətbiqini araşdırmağı planlaşdırırlar.