Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan qadınlarının ənənəvi baş geyimləri xalqımızın maddi-mədəni irsinin, milli geyim mədəniyyətinin və tarixi-etnoqrafik ənənələrinin mühüm tərkib hissəsidir. Kəlağayı, örpək, yaylıq və digər baş geyimləri tarixən qadınların estetik zövqünü, regional xüsusiyyətləri, eləcə də ailə və mərasim ənənələrini əks etdirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı deyib. O bildirib ki, baş geyimi insanın dini əqidəsini və dindarlıq səviyyəsini müəyyən edən yeganə meyar deyil. Hicab, çadra, yaylıq və kəlağayı fərqli tarixi, mədəni və dini kontekstlərdə istifadə olunan geyim elementləridir. Qadının baş örtüyü onun dini inancının ifadə vasitələrindən biri ola bilər, lakin insanın etiqadı yalnız zahiri görünüşü ilə qiymətləndirilməməlidir. Hicab ərəbmənşəli söz olub, ilkin mənada örtük, pərdə və ayırıcı anlamlarını daşıyır. İslam dini kontekstində bu anlayış örtünmə qaydaları ilə yanaşı, həya və təvazökarlıq prinsipləri ilə də əlaqələndirilir. Hicabı bütövlükdə hər hansı bir xalqın milli geyimi kimi təqdim etmək düzgün deyil. Müxtəlif müsəlman xalqlarının geyim ənənələrində hicab fərqli formalarda təzahür edir.
İctimai birlik sədri vurğulayıb ki Azərbaycanın ənənəvi qadın geyimində istifadə olunan kəlağayı, çalma, örpək və yaylıq kimi baş örtüklərini eyniləşdirmək, onların tarixi və mədəni xüsusiyyətlərini nəzərə almadan hamısını hicab adlandırmaq doğru yanaşma deyil. Bu geyim nümunələrinin hər biri özünəməxsus regional, sosial və estetik xüsusiyyətlərə malikdir. Hicab məsələsi siyasi mübarizənin, ideoloji qarşıdurmanın və cəmiyyətdə parçalanma yaradan müzakirələrin alətinə çevrilməməlidir.
Faiq İsmayılov məktəbli geyiminin yalnız xarici görünüşlə bağlı olmadığını, eyni zamanda, məktəb mədəniyyətini, nizam-intizamı, sosial bərabərliyi və kollektiv mənsubiyyəti ifadə etdiyini diqqətə çatdırıb: “Vahid məktəbli geyimi şagirdlər arasında sosial-iqtisadi fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasının qarşısını almağa və ümumi təhsil mühitinin formalaşmasına xidmət edə bilər. Məktəbdə bərabərlik yalnız şagirdlərin eyni geyimdə olması ilə məhdudlaşmır. Hər bir şagirdin ailəsinin maddi vəziyyətindən, sosial mövqeyindən və digər fərqlərindən asılı olmayaraq, bərabər təhsil imkanlarına, hörmətə və təhlükəsiz mühitə malik olması vacibdir.. Məktəb rəhbərlərinə hücum edilməsi, təhsil müəssisələrinin əmlakına zərər vurulması, o cümlədən məktəb direktorunun avtomobilinin yandırılması və məktəbin yandırılmasına cəhd edilməsi kimi əməllər hüquqi qaydada qiymətləndirilməlidir. Dini simvollardan istifadə etməklə zorakılığa çağırış, insanlara hücum və ictimai asayişin pozulması yolverilməzdir”.
Müxbir- Nərmin Muradzadə