MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) ədəbiyyatşünas, publisist, pedaqoq, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri, Mərkəzi Elmi Kitabxananın ilk direktoru Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib. Sərgidə Hənəfi Zeynallının folklorşünaslıq, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahələrindəki fəaliyyətini əks etdirən nəşrlər nümayiş olunub. Təqdim edilən nəşrlər arasında “Seçilmiş əsərləri”, “Azərbaycan nağılları”, “Azərbaycan atalar sözü”, “Azərbaycan tapmacaları”, “Azərbaycan türk mahnıları haqqında”, “Ədəbiyyat dərsləri”, “Ədəbiyyat müntəxabatı” və digər kitabları, eləcə də ədəbi-tənqidi məqalələri yer alıb. Hənəfi Zeynallının həyat və yaradıcılığına həsr olunmuş N.Qurbanovanın “Hənəfi Zeynallı” və S.Mümtazın “El şairləri” kitabları da təqdim edilib. Sərgidə, həmçinin özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” tarixi romanı nümayiş olunub.
Sərgi iki həftə davam edəcək.
Hənəfi Zeynallı elmi və təşkilati fəaliyyəti ilə Azərbaycan elminin inkişafına töhfələr verib. O, 1923-cü ildə təsis edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”ndə folklor komissiyasının sədri vəzifəsində çalışıb, həmçinin Azərbaycan Elmlər Akademiyasının Azərbaycan filialında folklor şöbəsinə rəhbərlik edib. 1925-ci ilin avqustunda Cəmiyyətin elmi kitabxanası ilə Biblioqrafiya Bürosunun birləşdirilməsi nəticəsində yaradılmış “Kitabxana-Biblioqrafiya Bürosu”nun sədri seçilib. Hənəfi Zeynallı bir əsr əvvəl Bakıda keçirilən, Türk dünyasının tanınmış türkoloqlarını bir araya gətirən ilk məclisin fəal iştirakçılarından biri olub. O, bir sıra qurultay nümayəndələri kimi 1937-ci il repressiyalarının qurbanına çevrilib və həmin il oktyabrın 13-də güllələnib.