BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir
Bakı, 13 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinin dəyərinin kəskin azalmasının dünya maliyyə bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Dövlət borcunun artması və irimiqyaslı kiberhücumlar da əsas risklər arasında göstərilib.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, BVF-nin qlobal maliyyə sabitliyinə dair hesabatında süni intellekt şirkətlərinin yüksək bazar dəyəri, borc öhdəliklərinin artması və sektor iştirakçıları arasındakı sıx qarşılıqlı əlaqələr səbəbindən risklərin gücləndiyi qeyd olunur.
Fondun qiymətləndirməsinə görə, süni intellekt bazarında mümkün enişin nəticələri bütün dünyaya təsir göstərə bilər. ABŞ-dən sonra ən həssas mövqedə Asiya bazarları olacaq. Böyük Britaniya və avrozonada təsirlər nisbətən zəif olsa da, ABŞ aktivlərinə sahib olan investorlar da itkilərlə üzləşəcəklər.
BVF qeyd edir ki, ABŞ-nin yeddi ən böyük texnologiya şirkətinin – “Alphabet”, “Amazon”, “Apple”, “Meta”, “Microsoft”, “Nvidia” və “Tesla”nın səhmləri “S&P 500” indeksinin 35 faizindən çoxunu təşkil edir. On il əvvəl bu göstərici təxminən 12 faiz olub.
Fond süni intellekt infrastrukturunun inkişafı, o cümlədən iri data mərkəzlərinin tikintisi üçün cəlb olunan borcların həcminə də diqqət çəkib. Süni intellektin tətbiqindən əldə edilən gəlirlər gözləntiləri doğrultmasa, bu, aktivlərin dəyərinə yenidən baxılmasına, investisiyaların azalmasına və maliyyələşdirmə ilə bağlı şərtlərin sərtləşməsinə səbəb ola bilər.
Əlavə təhlükə yaradan amillərdən biri də “dairəvi maliyyələşdirmə” adlanan mexanizmdir. Bu zaman iri texnologiya şirkətləri sektor üzrə tərəfdaşlarına sərmayə yatırmaqla yanaşı, onlarla kommersiya müqavilələri də bağlayırlar. BVF-nin məlumatına görə, son üç ildə bulud və hesablama xidmətlərinin ən böyük təchizatçıları ilə maliyyə baxımından daha dayanıqsız süni intellekt şirkətləri arasında belə sövdələşmələrin həcmi 300 milyard dollara çatıb. Bundan əlavə, ümumi dəyəri 1,4 trilyon dollar olan gələcək maliyyə razılaşmaları ilə əlaqəli borc öhdəlikləri 650 milyard dollar təşkil edib.
Fondun ekspertlərinin fikrincə, bazarlarda vəziyyətin kəskin pisləşəcəyi təqdirdə texnoloji aktivlərin yüksək dəyəri, borc yükü və şirkətlərin bir-birindən asılılığı kütləvi satışları daha da gücləndirə bilər.