Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici siyasət doktrinası uzun illərdir ki, balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Bu yanaşma Azərbaycanın müxtəlif qitələrin ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Hazırkı geosiyasi dəyişikliklər fonunda isə ölkəmiz Şərqə doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb. Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır. Bundan əlavə, ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsi, regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Yeri gəlmişkən, yaxın günlərdə Bakıda AQEM-in sammitinin keçirilməsi ölkəmizin Asiya ölkələri əlaqələrinin genişləndirilməsinin də bir nümunəsi olacaq.
Deputatın fikrincə, bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın strateji mərkəzinə çevrilməkdədir. Çin, Pakistan, Cənubi Koreya, İndoneziya, Malayziya, Sinqapur kimi ölkələrin sürətli iqtisadi artımı, texnologiya və sənayedə innovativ yanaşmaları Asiya qitəsini qlobal güc mərkəzi statusuna yüksəldib. Son illər Kamboca və Laosla da əlaqələrimiz genişlənir. Kamboca Krallığının Baş naziri Hun Manetin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfərləri də bunun göstəricisidir.
S.Vəliyev bildirib ki, Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın Cənub-Şərqi Asiya regionunda siyasi və iqtisadi mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin şaxələndirilməsinə töhfə verə bilər. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu ölkələrlə siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi-ticari münasibətlərimiz mövcud potensialı əks etdirmir. Hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumların keçirilməsi bu istiqamətdə əməkdaşlığımıza böyük təkan verəcək.
“Asiya artıq uzaq bazar yox, Azərbaycan üçün strateji tərəfdaşlar coğrafiyasıdır. Bu regionla çoxşaxəli əməkdaşlıq ölkəmizin yalnız iqtisadi gələcəyinə deyil, beynəlxalq nüfuzuna və regional liderliyinə də birbaşa təsir göstərir”, - deyə deputat vurğulayıb.