Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu gün Orta Dəhliz yeni inkişaf mərhələsini yaşayır. Ümumilikdə, dünya ölkələrinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Bu proses özünü bir sıra geosiyasi dəyişikliklərdə, beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların formalaşmasında və regional güc balansının dəyişməsində göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Cafer Dal deyib.
Ekspert bildirib ki, qlobal miqyasda baş verən dəyişikliklər nəqliyyat-kommunikasiya marşrutlarının, ticarət yollarının və regional əməkdaşlıq platformalarının strateji əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Avrasiya məkanında yerləşən ölkələr öz coğrafi mövqelərindən daha səmərəli istifadə etməyə, beynəlxalq iqtisadi əlaqələrini şaxələndirməyə və yeni tərəfdaşlıqlar qurmağa çalışır.
Onun sözlərinə görə, Orta Dəhliz bu baxımdan yalnız yükdaşımaların həyata keçirildiyi nəqliyyat marşrutu deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsinə xidmət edən strateji platformadır. Beynəlxalq ticarət yollarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və alternativ nəqliyyat imkanlarının genişləndirilməsi dəhlizin əhəmiyyətini daha da yüksəldir.
Cafer Dal qeyd edib ki, regionda baş verən geosiyasi proseslər Orta Dəhlizin inkişafı üçün yeni imkanlar yaradır. Bununla yanaşı, marşrutun potensialından tam istifadə etmək üçün iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Ekspert vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin inkişafında xüsusi strateji mövqeyə malikdir. Ölkənin Şərqlə Qərbi birləşdirən nəqliyyat qovşağı kimi imkanları, həyata keçirilən infrastruktur layihələri və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın regional əhəmiyyətini artırır.
Onun fikrincə, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq da Orta Dəhlizin inkişafı baxımından mühüm amildir. İki ölkənin nəqliyyat, logistika, ticarət və enerji sahələrində əməkdaşlığının genişləndirilməsi bütövlükdə Türk dünyası ilə Avropa və Asiya arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.
Cafer Dal əlavə edib ki, yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin gələcək inkişafı yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi maraqları baxımından əhəmiyyətlidir. Bu marşrutun rəqabət qabiliyyətinin artırılması, logistika imkanlarının genişləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövrdə əsas prioritetlərdən biri olacaq.