İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
İstanbul, 13 oktyabr, AZƏRTAC
İstanbulun Kadıköy rayonunda yerləşən Barış Manço Mədəniyyət Mərkəzində “Zəfər yolundan Türk dünyasına” mövzusunda ədəbi-bədii proqram keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Zəfər tarixini, milli-mənəvi dəyərlərini və Türk dünyasının birliyini sənət vasitəsilə ifadə edən layihə teatr, musiqi və rəqs sənətini vahid səhnə konsepsiyasında birləşdirib.
Proqramda teatr sənətçisi “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi və Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarovanın xüsusi səhnə təqdimatı nümayiş etdirilib. Bədii təqdimatda Vətən sevgisi, qəhrəmanlıq, şəhidlərin xatirəsi, Qarabağın azadlığı və Şuşanın tarixi-mənəvi əhəmiyyəti ön plana çəkilib.
Bədii hissədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Vüsalə Əsgərova, eləcə də müğənnilər Ozan Murat Oluç, Deniz Tekin və Pərvin Aslan çıxış ediblər. Mərasim “Rüzgar Rəqs Qrupu”nun təqdimatında Azərvaycan milli rəqslərinin nümayişi ilə davam edib.
Proqramın təşkilatçısı Kamalə Kamal Cabbarova AZƏRTAC-a açıqlamasında tədbirin keçirilməsinə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və üzvü olan təşkilatların, eləcə də Türkiyədə fəaliyyət göstərən çoxsaylı dərnəklərin mənəvi dəstək göstərdiyini deyib.
“Bu dəstək Türk dünyasının ortaq dəyərlər ətrafında birləşmək iradəsinin, qarşılıqlı həmrəyliyinin və mədəni bağlılığının ifadəsi kimi böyük əhəmiyyət daşıyıb. Müxtəlif təşkilatların və sənət nümayəndələrinin eyni ideya ətrafında bir araya gəlməsi Türk dünyasının birliyinin yalnız tarixi və mənəvi bağlarla deyil, ortaq təşəbbüslər və mədəni fəaliyyət vasitəsilə də möhkəmləndiyini nümayiş etdirib. Tədbərin iştirakçılarını və tamaşaçılarını birləşdirən əsas məqam Azərbaycanın Zəfər sevincini birlikdə yaşamaq və paylaşmaq idi. Burada hər kəs eyni sevincə şərik olmaq, ortaq tarixin qürurunu hiss ütmək və Türk dünyasının birlik ruhunu bir daha nümayiş etdirmək məqsədilə bir araya gəldi.
Tədbərin sonunda Vüsalə Əsgərovanın ifasında Türkiyə-Azərbaycan qardaşlığına həsr olunan mahnı səsləndi. İfa zamanı tamaşaçılar türk dövlətlərinin bayraqlarını dalğalandırdı. Bu mənzərə bizə böyük qürur hissi yaşatdı”, - deyə o bildirib.