Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Rusiya ilə sərhəddə, Raça bölgəsində inşa edilmiş “Mamisoni” adlı yeni sərhəd-keçid məntəqəsini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.
Bildirilib ki, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən məntəqə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa Komandanlığının, Narkotiklərlə Mübarizə İdarəsinin və Regional Təhlükəsizlik Ofisinin dəstəyi ilə tikilib.
Məntəqə müasir avadanlıqlarla təchiz olunub, infrastruktur bölgənin mürəkkəb iqlim şəraiti nəzərə alınmaqla qurulub.
Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Kortni Ostrian iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi