Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq
Bakı, 13 oktyabr, AZƏRTAC
Düşünürəm ki, bu matçda kifayət qədər enerjili ola bilsək, yaxşı oyun sərgiləyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “LANDAU Lions” komandasının baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunun II turunda Slovakiyada “Prievidza” ilə keçirəcəkləri səfər oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis bildirib ki, komanda qarşılaşmaya bacardığı qədər yaxşı hazırlaşıb: “NTD ilə matçdan sonra həmin gecə səfərə çıxdıq və uzun yol qət etdik. Prievidza şəhərinə çatmaq üçün təxminən 12 saat yol gəldik. Bir qədər yorulduq, amma matçöncəsi əsas məşqimizə qədər istirahət edə bildik. Komandaya gəlincə, mərkəz oyunçumuz Arnas Sakenis son məşqdə özünü yoxladı. Onun oynayıb-oynamayacağı matç saatında bəlli olacaq”.
Baş məşqçi ilk matçla müqayisədə daha yaxşı oyun göstərməyə çalışacaqlarını vurğulayıb: “Səfər oyunu olsa da, əlimizdən gəldiyi qədər daha yaxşı oyun göstərməyə çalışacağıq. Bu, qrup oyunudur və biz artıq bu tempə alışmalıyıq. Düşünürəm ki, bu matçda kifayət qədər enerjili ola bilsək, yaxşı oyun sərgiləyəcəyik. Aqressiv oynasaq, hücumda da yaxşı oyun göstərəcəyik”.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.